"Tofiq Yaqublunun həbsini şişirtmək doğru deyil" - Hafiz Hacıyev


"Müsavat" Partiyasının üzvü Tofiq Yaqublunun həbsini siyasiləşdirmək lazım deyil. Hər kəs qanun qarşısında bərabərhüquqludur. Tofiq Yaqublunun da törətdiyi əməllər qanunla araşdırılır.

Bunu "Müasir Müsavat Partiyası"nın sədri Hafiz Hacıyev deyib. O bildirib ki, hər bir Azərbaycan vətəndaşının hüquqları Azərbaycan qanunları ilə qorunur: "Cinayət işi başlanıb, istintaq bu işdə onun günahının olub-olmamasını müəyyən edəcək. Əgər istintaq dövründə onun günahsız olduğu sübuta yetirilərsə, məhkəmə ona bəraət verəcək. Bu iş Azərbaycanın hüquq-mühafizə orqanlarının səlahiyyətindədir".

H.Hacıyev qeyd edib ki, bu məsələni şişirtmək, ona müxtəlif siyasi don geydirmək doğru deyil: "Hadisə baş verib, fakt var, hüquq-mühafizə orqanları da araşdırma aparır. Cinayət törədən hər bir Azərbaycan vətəndaşı qanun qarşısında məsuliyyət daşıyır. Bu, Tofiq Yaqubluya da, mənə də, digər vətəndaşlara da aiddir. Son sözü istintaq deyəcək, onun nəticəsini gözləmək lazımdır".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  (Trend)


0.16926980018616