"Milli Şura" bir "qoluboy"un güdazına getdi?


Əslində, başlığa çıxardığımız bu suala tərəddüd etmədən müsbət cavab vermək olar. Hər şey ondan başladı ki, ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilov Milli Şura haqqında sərt ifadələr işlətməyə başladı. Təşkilatın az qala hər bir üzvünə təhqirlər yağdırdı. Az sonra bu qarşıdurma sosial şəbəkənin əsas müzakirə mövzusuna çevrildi.

Keçmiş “ANS”in sabiq əməkdaşı İsmayıl Cəlilov cinsi azlıqların nümayəndəsidir. Özü bunu etiraf edir. Özünü açıq şəkildə zərif cinsin nümayəndəsi kimi aparan və öz verlişlərində seksual kimliyini dönə-dönə vurğulayan İsmayıl Cəlilovun Milli Şuraya davamlı ittihamlar yağdırması çoxlarını hövsələdən çıxardı. Milli Şuradan sonradan istefa vermiş Eldəniz Quliyev də onun haqqında ictimaiyyət arasında ciddi rezonans doğurmuş fikirlər səsləndirdi. Milli Şuranın video-görüntüləri yayılmış toplantılarında da mühacir jurnalist haqqında təhqiramiz ifadələr söyləyənlər oldu.

Qəfildən heç kimin gözləmədiyi hadisə baş verdi. Milli Şuranın sədri professor Cəmil Həsənli seksual azlıqların hüquqlarının pozulmasına ciddi şəkildə etiraz etdi. Onun təzyiqi altında dünən seksual azlıqları söyən bəzi Milli Şura üzvləri cinsi azlıqların müdafiəsinə qalxdılar. Milli-mənəvi dəyərlərin qorunması baxımından mühafizəkar mövqedən çıxış edən Eldəniz Quliyevlə Cəmil Həsənli başda olmaqla cinsi azlıqların müdafiəsinə qalxan çoxluq arasında ziddiyyət daha da dərinləşdi.

Nəticədə "mərdi qova-qova...namərd oldular" deyən Eldəniz Quliyev Milli Şuradan istefa verdi. Sonra Rafiq Manaflı Milli Şuradan getdi. Namizəd Səfərov da bu təşkilatla vidalaşdı.

Bu istefalar bir daha təsdiq edir ki, Milli Şurada mövcud olan münasibətlər sağlam əsaslar üzərində qurulmayıb.

Məncə, Milli Şura üzvləri arasında münasibətlər xeyli əvvəl nəzarətdən çıxmışdı. Sadəcə İsmayıl Cəlilov məsələsi aralığı qarışdırdı və partlayış effekti verdi.
Bütün bunlarla bağlı Eldəniz Quliyevlə söhbət etmək istədim. Dedi ki, fikrim dağınıqdır, müsahibə verəcək halda deyiləm. Ancaq sənə də “yox” deyə bilmirəm. Mən də vəziyyəti nəzərə alaraq müsahibəni mümkün qədər yığcam etməyə çalışdım:

-İnanın ki, o qədər dilxoram, o qədər yorğunam ki. Cəmil Həsənlinin yazdığı status əsəblərimi tarıma çəkib. Hökumətin bata bilmədiyi topdağıtmaz Milli Şuranı Cəmil Həsənlinin şəxsi maraqları dağıtdı. Bu təşkilatın formalaşması üçün nə qədər əziyyət çəkmişdim. Dostlarla birlikdə ərsəyə gətirdiyimiz Milli Şura Əli Kərimlinin susqunluğu fonunda gözümüzün qabağında məhv olur.

Milli Şura öncə ictimai qurum idi. Bu təşkilatın siyasi quruma çevrilməsi və Cəmil Həsənlinin naşılığı bu təşkilatı dağıtdı. Bu gün daha bir nəfər (Namizəd Səfərov) Milli Şuradan istefa verdi. Təəssüf ki, bu proses davam edəcək.

Mən niyə İsmayıl Cəlilova cavab vermək zorunda qaldım? Əslində, o, mənim haqqımda elə bir şey deməmişdi. Cəmil Həsənli, Əli Kərimli və Gültəkin Hacıbəyli haqqında isə etikadan kənar xeyli şeylər söyləmişdi. Milli Şuranı və onların üzvlərini belə hücumlardan qorumaq üçün sinəmi qabağa verdim. Buna cavab olaraq da Cəmil Həsənli Milli Şuranı mənə qarşı qaldırmağa cəhd göstərdi.

Heç kim demir ki, hər hansı bir azlığın hüququnu qorumaq lazım deyil. Ancaq biz xalqımızı, onun dəyərlərini nəzərə almalıyıq. Əhalimizin az qala hamısı müsəlmandır. Bu məsələ ilə bağlı “Quran”da da deyilir. Xalqımızın bu məsələyə münasibəti son dərəcə həssasdır. Cəmil Həsənli isə heç kimə bir kəlmə demədən Milli Şura adından bəyanat verib və cinsi azlıqların müdafiəsinə qalxıb. Belə çıxır ki, Amerika Cəmil Həsənlini fırladır. O, öz iradəsi ilə bu işləri görmür.

Əslində, mən Milli Şuradan getmədim ki. Milli Şura məndən getdi. Mən əvvəl harada idimsə indi də oradayam. Mən əminəm ki, xalq onun min illik dəyərlərinə arxa çevirənlərin dalınca getməyəcək...

Bir daha deyirəm, cinsi azlıqların da hüquqlarını qorumaq lazımdır. Ancaq sən xalqın ümid etdiyi bir təşkilatın əsas məramını cinsi azlıqların hüquqları ilə eyniləşdirə bilməzsən. Bu məsələni prioritet edib önə çıxarmağın adı nədir, məqsədi, məramı nədir? Ağ şalvarda qara yamaq kimi aydın görünür ki, Cəmil Həsənli bunu özbaşına etmir. Onu belə mövqe sərgiləməyə vadar edənlər var. Ələkçinin qıl verəni qismində çıxış edən Ramiz Yunus özünü kadırlar şöbəsinin müdiri kimi aparır. Qapı cırıltısına bənzəyən səsi ilə, yalançı vətənpərvərliyi ilə də ət tökür. Bildiyim qədər, Amerika konqresinin bəzi üzvləri ilə Cəmil Həsənli arasında vasitəçiliyi o edir.

Əslində, Rüstəm İbrahimbəyovla birlikdə biz Milli Şuranı yaradanda bu təşkilat son dərəcə işıqlı idi. Ancaq dar siyasi və şəxsi maraqlar bu təşkilatı qaranlığa qərq etdi.

- Cəmil Həsənli deyir ki, siz istefa verməmisiz. Sizi Milli Şuradan xaric ediblər.

- Milli Şurada bu məsələ ilə bağlı söhbət olanda yalnız Rahim Hacıyev mənim əleyhimə danışdı. Qalanları dedilər ki, Eldəniz bəy getməsin. Niyə getməlidir ki? Ancaq getməyə özü qərar versə, biz onun qərarına hörmətlə yanaşarıq. Qənimət Zahid dedi ki, mənim Eldəniz bəyə böyük hörmətim var. Ancaq sədrimizin fikri ilə razılaşmaq zorundayam. Gültəkin Hacıbəyli sürüşkən mövqe tutdu. Hacı Rövşən Əhmədlinin sözünün canı o oldu ki, getməli adam varsa, elə Cəmil Həsənli getməlidir. Amerikada oturub Milli Şuranı idarə etmək olmaz. Namizəd Səfərov da təxminən elə bir mövqe ortaya qoydu. Digərləri də məni müdafiə etdi. Sonra qarşıqlıq yarandı. Hər hansı bir qərar olmadı.

İndi Cəmil Həsənli özünü öldürür ki, məni Milli Şuradan çıxarıblar. O başa düşmür ki, bu, Milli Şura adına daha pisdir. Onda ortaya belə bir sual çıxar ki, nəyə görə Eldəniz bəyi Milli Şuradan xaric etmisiz? Niyəsini qoyun ortaya. Həqiqəti etiraf edəndə isə bəlli olur ki, Cəmil Həsənli milli-mənəvi, əxlaqi və dini dəyərlərimizə tüpürüb. Bir qrup azlığın sıfarişi ilə qərar verib. Lap tutaq ki, məni Milli Şuradan siz çıxarmısız. Düz etmisiz? Cinsi azlığa görə məni kənara atmısız? Belə şeyi xalq sizə bağışlayar? Çətin.

Həmin toplantıda səsvermə olmadı. Əksinə, sonda mən dedim ki, sizlərə uğurlar arzulayıram, ancaq mən istefa verəcəm. Belə bir yerdə qalmağı mən özümə sığışdıra bilmərəm. Cəmil Həsənli kimlərinsə sifarişini yerinə yetirməklə çox böyük yanlış edir.

Rahat şəkildə, stress yaratmadan, kiminsə xətrinə dəymədən həmin tədbirdən çıxdım. Bir saat sonra isə istefamla bağlı kiçik bir status yazdım.

Bu məsələnin gündəmdən çıxmasını istəyirdim. Sakitcə öz yerimdə oturmuşdum. Ancaq Cəmil Həsənlinin yazdığı yersiz status məni bir-iki kəlmə deməyə vadar etdi. Əli Kərimli mənə deyir ki, Cəmil Həsənlinin mənim əleyhimə elə status yazmasına təəssüf edir. Ancaq o, bu fikri xalqa çatdırmalıdır. Belə söhbətlər iki nəfərin arasında gizli qala bilməz.

İkibaşlı oyun oynayırlar. Mən su içdiyim qaba tüpürən adam deyiləm. Belə edənləri də başa düşməkdə çətinlik çəkirəm. Belə əxlaqı qəbul edə bilmirəm. İnsan gərək özünə belə davranışı yaraşdırmasın.

Mən danışmaq istəmirəm. Ancaq bu heç də o demək deyil ki, mənim deyiləsi sözüm yoxdur. Əksinə, deyiləsi çox ciddi sözlərim var, ciddi ittihamlarım var. Ancaq belə getsə, mənim nə isə deməyimə ehtiyac qalmayacaq. Sökülüb tökülürlər. Axır ki, özünü labarant kimi aparan professor Cəmil Həsənli Milli Şura kimi mübarizə mərkəzini özfəaliyyət dərnəyinə çevirdi. Bu da məndə acı təəssüf hiss doğurur.

- Bundan sonra nə etmək fikrindəsiz?

- Bu yaxınlarda "Vətən" Dəyərlər Platformasını təsis edəcəyik. Ziyalılarımız, tanınmış siyasi xadimlərimiz bir araya gələcək.

- Eldəniz bəy, "Vətən" Dəyərlər Platforması Milli Şuraya alternativ sayıla bilərmi?

- Yox, alternativ olmaq fikrində deyilik. Biz milli dəyərlərə önəm verənləri bir araya gətirəcəyik. Leberal dəyələri rədd etmirik. Onlara da sayğımız var. Ancaq öz millətimizin dəyərlərini önə çəkəcəyik. Əgər Milli Şura gələcəkdə milli mövqeyə dönsə, onda baxarıq. Bəlkə, əməkdaşlıq da etdik. İndi isə xeyli fərqli müstəvilərdəyik. (Musavat.az)


0.14150094985962