Azərbaycan ATƏT Minsk qrupundan imtina edəcəkmi?


    Prezident İlham Əliyev bu günlərdə Qarabağ məsələsinə dair diqqətçəkən  fikirlərlə çıxış etdi. Bu çıxış ATƏT-in Minsk qrupunun fəaliyyətsiz bir qurum olduğunu bir daha sübut etdi, Azərbaycan xalqının bu səmərəsiz təşkilat haqda düşüncələrini yüksək səviyyədə ifadə etdi. Prezident bəyan etdi ki, "Biz görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq  çoxdan başlamışıq". Bundan başqa, İlham Əliyevin Realpolitik prinsiplərinə əsaslanan başqa maraqlı fikirləri də diqqəti cəlb edir: "Daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik". Həqiqətən də, hazırda dünyada elə bir beynəlxalq münasibətlər sistemləri mövcuddur ki, bunu birmənalı surətdə birqütblü, ikiqütblü və çoxqütblü dünya sistemi adlandırmaq çətindir. hazırda dünyada çoxqütblü sistemin formalaşması prosesi gedir. Potensial güc mərkəzləri ABŞ, Rusiya, Çin və Avropa Birliyidir. Rusiya ABŞ-ın hegemonluğunu qəbul etmir, Çin müstəqil güc mərkəzi kimi fəaliyyət göstərir. Avropa Birliyi və ABŞ əvvəllər vahid güc mərkəzi kimi çıxış edirdilər. İndi isə onların arasında parçalanma, bir sıra məsələlərdə prinsipial fikir ayrılıqları var. Bununla belə, Azərbaycan bütün güc mərkəzlərinə münasibətdə tarazlaşdırılmış və balanslaşdırılmış xarici siyasət yürüdür. Son dövrlərdə Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanması istiqamətində proseslərin fəallaşması ilə yanaşı Rusiya ilə yaxınlaşma da nəzərə çarpır. AB Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edib. Buna qədər də BMT, ATƏT bu cür bəyanatlarla, qətnamələrlə çıxış ediblər. Lakin münaqişə həll edilməmiş qalmaqdadır. Prezident münaqişə ilə bağlı əsas bu fikirləri diqqətə çatdırıb ki, Azərbaycan ATƏT Minsk qrupunudan konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir. ATƏT Minsk qrupu Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına cavab verməlidir, bu ifadənin əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst etməsinə cavab verilməlidir, çünki bu vəziyyət danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.

Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilmir.

ATƏT Minsk qrupu həmsədrləri Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər.

Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini əsas götürür. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur, “formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilmir, nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq?! ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil, halbuki, BMT-nin Nizamnaməsində  ölkələrin özünümüdafiə hüququ təsbit olunub. ATƏT Minsk qrupu özünü  BMT-nin Nizamnaməsindən üstün hesab edir?!

Prezident İlham Əliyev onu da qeyd edib ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama vermək belə istəmirlər.

ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. ATƏT Minsk qrupunun həmsədrləri buna heç bir reaksiya vermirlər, halbuki Azərbaycan həmsədrlərdən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycan dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bəli, İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan rəsmilərinin danışıqların pozulmasına yönəlmiş bəyanatlarına Minsk qrupu indiyədək heç bir reaksiya vermirsə, bu, onların da məsuliyyətini artırır. İşğal cinayətinin nəticələrinin aradan qaldırılması ilə məşğul olmağa müvəkkil olunmuş beynəlxalq təşkilatın bu prosesi pozan destruktiv tərəfə - yəni Ermənistana irad bildirmək, Paşinyanın bəyanatlarını pisləmək əvəzinə, işğalın legitimləşdirilməsinə yönəlmiş çağırışlara dair lazımi tədbirlər görməməsi Minsk qrupu həmsədrlərinin də beynəlxalq hüquqa və öz üzərinə götürdüyü vəzifələrin icrasına ən azından səhlənkar, məsuliyyətsiz yanaşması deməkdir.

Minsk qrupuna həmsədrlik edən dövlətlərin hazırda dünyanın bir sıra bölgələrində, Latın Amerikasında, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Cənubi Qafqazda güc savaşı uğrunda mübarizə aparması və burada bütün səylərin Qarabağ münaqişəsinin həllinə yönəlməsi deyil, münaqişə tərəflərindən öz maraqları naminə istifadəyə cəhd etməsi belə bir vəziyyət ortaya çıxarıb. Bir sıra beynəlxalq problemlər kimi Qarabağ münaqişəsi də Cənubi Qafqazı öz təsir dairəsinə daxil etmək istəyən böyük güclərə hər üç bölgə ölkəsi ilə anlaşmanı labüd etdiyindən, həmsədr dövlətlər Ermənistanın məlum bəyanatlarına münasibət bildirmək istəmirlər. Prezident İlham Əliyevin fikirlərində yer alan geosiyasi amillər barədə geniş danışmaq olar. Cənubi Qafqaz regionunun böyük dövlətlərin geostrateji planlarında yer alması, Atlantizm və Avrasiyaçılıq arasında ziddiyyətlərin toqquşduğu məkanlardan biri olması, Orta Şərq və Mərkəzi Asiyaya yaxın bölgə olaraq dünyanın diqqət mərkəzində olan bölgələrdən biri olması buradakı proseslərin tək bölgə xalqlarına və dövlətlərinə deyil, bütün dünyaya və xüsusilə də burada marağı olan böyük dövlətlərin siyasətinə təsirsiz ötüşməməsini labüd edir. Dünya o qədər qloballaşıb ki, bir bölgədə baş verən münaqişə bu və ya digər formada bütün beynəlxalq münasibətlər sistemində təsir edir. Qarabağ münaqişəsi kimi bir problem öz ədalətli həllini tapmayınca, heç bir böyük güc mərkəzi regionda öz maraqlarını sabit və etibarlı şəkildə təmin edə bilməz. Azərbaycan prezidenti bəyan edib ki, biz öz xarici siyasətimizi milli maraqlar prinsipi əsasında qururuq. Bizim xarici siyasətimiz qarşılıqlı faydalı əməkdaşlığa söykənir, Ermənistandan fərqli olaraq biz heç bir gücün forpostu deyilik. Münaqişəni başlayan və onun həllinə imkan verməyən tərəf Ermənistan olduğundan problem 30 ildən çoxdur ki, öz həllini tapmamış qalmaqdadır. Ermənistan qeyri-konstruktiv bəyanatlar verməklə münaqişənin həllinə imkan verməməyə, vaxt udmağa çalışır. Onlar hesab edir ki, guya vaxt nə qədər çox uzansa, zaman onların xeyrinə işləyə bilər və onlar daha çox vaxt keçdikcə dünya ictimaiyyətini fakt qarşısında qoya bilərlər. Buna görə də münaqişəyə hər vəchlə mane olurlar. Təbii ki, bu cür mövqe danışıqlar prosesini pozur və onun hərbi yolla həllini qaçılmaz edir. Azərbaycana diplomatik demarş nümayiş etdirməyə cəhd edən Paşinyan bununla onsuz da zəif ölkəsini sonunun məğlubiyyət olacağını bildiyi mənasız avantüraya sürüklədiyinin fərqindədir. Öz dövlətinin rifahını, tərəqqisini yalnız müdrik, xalqını sevən, sülhpərvər dövlət başçısı düşünə bilər. Paşinyanın nə şəxsi, nə işgüzar keyfiyyətləri, nə də keçdiyi həyat yolunun qısamüddətli təcrübəsi ona bu imkanları verməyib. Bu şəxs Qərbin təsir agentidir. Onun məqsədi Ermənistanı inkişaf etdirib, işğalçı damğasından xilas etmək yox, Rusiyanın forpostundan Qərbin forpostuna transfer etməkdir. Onun bütün fəaliyyəti bunu sübut edir. Ölkəsinin indiki şəraitdə məğlub olacağını bildiyi halda Azərbaycanla müharibəyə təhrik etməsi ilk növbədə onun öz dövlətinə xəyanətdir. Lakin bir qayda olaraq başqa qüvvələrin köməyilə hakimiyyətə gələn siyasətçilər xarici qüvvələrin iradəsini həyata keçirir, onlara verilmiş təlimat üzrə hərəkət edir, qalan məsələlər, o cümlədən öz ölkəsinin məğlubiyyəti onları narahat etmir.    ATƏT və digər təsisatların Ermənistana qarşı əməliyyat addımlar atmamasının bir neçə səbəbləri var: bunlar həm həmin təsisatların təbiətindən - onların ikili standartlar prinsipinə əsaslanan fəaliyyəti səbəbindən irəli gəlir, eyni zamanda öz məsuliyyət zonasına aid etdikləri ayrı-ayrı bölgələrdə təsiri altında olduqları güc mərkəzlərinin mövqeyindən çıxış etməsindən, bu zaman beynəlxalq hüququ deyil, öz maraqlarını əsas götürmələrindən irəli gəlir.

ATƏT və digər bu qəbildən olan regional və beynəlxalq təşkilatlar Soyuq müharibə dövründə yaranmış, bpyük dövlətlərin dünyada təsir və bəzən də təzyiq alətinə çevriliblər. SSRİ-nin süqut etməsindən sonra insan hüquqları, demokratiya, qanunun aliliyi prinsiplərinə əsaslandığını təsbit etməklə postsovet respublikalarını və Mərkəzi, eləcə də Şərqi Avropanın sosialist blokuna daxil olmuş dövlətləri öz çətiri altında birləşdirərək onların demokratiya yolunda irəliləməsinə, insan hüquq və azadlıqları sahəsində tərəqqisinə nail olmasına kömək etmək öhdəliyi götürən ATƏT bu müddət ərzində münaqişə tərəflərinə münasibətdə beynəlxalq hüquq nöqteyi-nəzərindən deyil, daha çox ayrı-ayrı güc mərkəzlərinin öz maraqları və eyni zamanda, erməni lobbi qruplarının təsiri nöqteyi-nəzərindən yanaşma mövqeyi ortaya qoyublar.  Ermənistan və Azərbaycan respublikaları arasında Dağlıq Qarabağ bölgəsi uğrunda baş verən münaqişəyə ATƏT tərəfindən indiyədək lazımi qiymət verilməyib. Burada həm ATƏT-in ikili standartlar prinsipindən çıxış etməsi, həm də erməni lobbisinin və onlara himayəçilik edən Avropa siyasi dairələrinin təsiri öz rolunu oynayır.

ATƏT Qərbin insan hüquqları və demokratiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı olsa da, Avropanın mühüm maraq zonalarından biri olan Cənubi Qafqazda bir dövlətin digərinin ərazisinin beşdən bir hissəsini işğal edərək, bir milyon insanı deportasiya etməsinə, milyonlarla insanın hüquqlarının pozulmasına lazımi hüquqi-siyasi qiymət verməyib. Ermənistan BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq və regional təşkilatların tələblərini pozaraq istədiyi kimi hərbi-diplomatik addımlar atsa da, ona qarşı nəinki sanksiya, hətta məzəmmətedici tutarlı bir sənəd qəbul edilmir. Məsələn, BMT-nin 4 məlum qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilməyir. Üstəlik, Ermənistan Rusiya və İranla region ölkələri arasında ən yaxın əlaqələr qurur, onun adı sanksiyalar dövründə İran banklarının çirkli pul əməliyyatlarında, qeyri-qanuni silah ticarətində hallanır və s. Ermənistan Türkiyə və Azərbaycanla birgə bir sıra mühüm Qərbyönümlü beynəlxalq layihələrdə iştirak edən Gürcüstanı da bu yoldan çəkindirməyə çalışan, onun İran və Rusiya ilə yaxınlaşması üçün səy göstərən ölkədir. Ermənistanın bu addımları birbaşa Qərbin regiondakı maraqlarına zidd olsa da, ona Qərb tərəfdən buna görə heç bir qınaq ünvanlanmır. Məsələn, rəsmi İrəvan Gürcüstanı özünün İranla sərhədində, Mehri ərazisində fəaliyyətə başlayan azad ticarət zonasından istifadə etməklə İranı əməkdaşlığa təşviq etməyə, İrəvan-Tiflis-Suxumi-Moskva dəmir yol stansiyasının bərpa edilməsinə çalışır. Beləliklə, Gürcüstan Qərbdən uzaqlaşaraq, İran və Rusiyanın təsirinə düşməli və burada əsas vasitəçi Ermənistan olmalıdır. Gördüyümüz kimi, regional sabitliyi pozan, daxildə antidemokratik rejim yaradan, Azərbaycana qarşı işğal faktoru gerçəkləşdirən, soyqırımı həyata keçirən, deportasiyaya yol vermiş Ermənistan Qərb tərəfdən təzyiqlərə məruz qalmır, əksinə, xarici yardımlar alır, işğala məruz qalanlarla işğalçı eyni tərəziyə qoyulur. Dağlıq Qarabağ bölgəsinin dinc mülki əhalisini buradan qovaraq "təhlükəsizlik zolağı" adı altında ətraf rayonları işğal edən ermənilərə Avropa tərəfindən öz müqəddəratını əyin etməyə çalışan xalq kimi baxılır, Azərbaycan isə ədalətsiz yerə qınağa məruz qalır, ikili standartların təzyiqləri altında sıxışdırılır. Bütün bunların səbəbi ilk növbədə xristian həmrəyliyi olmaqla bərabər, həm Qərbin buradakı geosiyasi maraqları üçün Ermənistanı istifadə etmə planları, eyni zamanda erməni lobbisinin fəaliyyətidir. Artıq onilliklərdir ki, Ermənistana güzəştə getməklərinin nəticəsində təkamül yolu ilə planlarını həyata keçirib onu tam özünə tərəf çəkə bilməyən Qərb burada məxməri inqilab deyilən çevriliş üsuluna əl atdı. Bütün bunlar da əslində, Qərbin burada uzun səriştəsizliyinin, ikili standartı siyasətinin nəticəsidir. Ermənistanın illərdir həyata keçirdiyi işğalını, antidemokratik addımlarını qınamayan Qərb indi məxməri çevrilişi dəstəkləmək məcburiyyətində qalır. Bu isə onun özünün elan etdiyi prinsiplərə özünün əks mövqedə dayanmasının daha bir sübutu oldu.

 Müəllif: Nəzakət Məmmədova

Yazılar digər saytlar tərəfindən götürüldükdə müəllifin imzası və saytın adının qeyd edilməsi vacibdir. Bu bir peşə etikasıdır...


Şikayətiniz varsa Whatsapp: 0505165251