Pilotsuz uçuş aparatı (PUA) Şəmkirə necə gəlib? - Açıqlama


Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində ard-arda iki güclü partlayış səsi eşidilib. Rəsmi açıqlamadan öncə Şəmkirdə güclü partlayışın eşidildiyini və erməni PUA-sının vurulması zamanı qeydə alındığı haqda məlumatlar yayıldı. Videogörüntülər də bunu təsdiqləyir.

Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə (HHM) bölmələrimiz tərəfindən məhv edilib.

PUA hadisəsinin erməni xarici işlər naziri Zöhrab Mnatsakaynanın Misir səfərindən sonra baş verməsi həm də Şərqi Aralıq dənizindəki anti-türk ittifaqına “Türkiyəyə ikinci cəbhə aça bilərik” xidmətinin təqdim edilməsidir. Ötən ay Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbəri” Araik Aratunyan Gəncə şəhərini vurmaqla hədələmişdi. Aratunyan deyirdi ki, “Azərbaycana cavabı Gəncədə verəcəyik”. Bu açıqlama-təhdid Paşinyanın danışıqlar prosesini pozmaq istəyindən xəbər verirdi.

Qeyd edək ki, Azərbaycanın hazırda ən çox üstünlük verdiyi texnikalardan biri də pilotsuz uçan aparatlardır (PUA). 2016-cı ilin aprel, cari ilin Tovuz döyüşləri də belə aparatların düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarmaqda nə dərəcədə effektiv rol oynadığını praktik olaraq nümayiş etdirib. Bu texnika siqnal vasitəsilə radarlara görülür və qarşı tərəf idarəetməni itirir. Orta yüksəklikdə uzun müddət ərzində aparat geniş ərazidə real zamanda ələ keçirdiyi kəşfiyyat məlumatlarını peyk rabitə sisteminin kanalları ilə yerüstü idarəetmə stansiyasına (GCS) ötürür. Pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilənə qədər ərazinin koordinatları düşmən tərəfindən yəqin ki, qeydə alınıb.

Nəyə görə Hava Hücumundan Müdafiə (HHM) bölmələrimiz tərəfindən anında müdaxilə olunmayıb?

Belə olduğu təqdirdə hər kəsi maraqlandıran digər suallar ortaya çıxır. Pilotsuz uçuş aparatı (PUA) təmas bölgəsini rahat keçərək Şəmkir rayonuna necə çata bilib?
Region ərazisində güclü silahlanma gedir, proqnozlar nədir?
Pilotsuz uçuş aparatı (PUA) nə üçün məhz Şəmkir istiqamətində irəliləyib?
Bütün bunlar bir neçə həftəlik müharibəyə yoxsa döyüş əməliyyatlarının olacağına işarədir?

Suallarımıza cavab tapmaq üçün hərbi məsələlər üzrə ekspert Ramil Məmmədliyə müraciət etdik.

Hərbi ekspert Ramil Məmmədli Correct.az-a açıqlamasında Hava Hücumundan Müdafiə (HHM) bölmələrini ittiham etməyin o qədər də doğru olmadığını bildirib:

"Ümumiyyətlə, pilotsuz uçuş aparatlarının (PUA) aşkar olunması və məhv edilməsi prosesi o qədər də asan deyil. Onlar həcminə və aşkar olunma imkanlarına görə adi aviasiya vasitələrindən çox fərqlənir. Bu səbəbdən Azərbaycanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri PUA-ların, dronların aşkar olunması üçün xüsusi avadanlıqlara malikdir. Əlbəttə, sual yarana bilər ki,"nəyə görə pilotsuz uçuş aparatı (PUA) Tovuz rayonun dərinliyinə qədər Şəmkir istiqamətinə uçuş edə bilib?". Uçuş hündürlüyü nəzərə alınmalıdır. Amma məsələ ondan ibarətdir ki, Hava Hücumundan Müdafiə qüvvələri (HHM) uçuş aparatını müəyyən edərək məhvinə nail olublar. Azərbaycan müharibə vəziyyətindədir. Ermənistan özünün müttəfiqləri tərəfindən silahlandırılıb. Azərbaycan Silahlı Qüvvələri bu təxribatlarının, hücum imkanlarının qarşısını almaq üçün lazım olan tədbirləri həyata keçirir. Hava Hücumundan Müdafiə (HHM) bölmələrini ittiham etmək o qədər də doğru deyil".

Ramil Məmmədli açıqlamasında qeyd edib ki, düşmənin müəyyən ərazidə koordinatlar əldə etməsi döyüşün taleyini həll etmir:


"Düşmən müəyyən koordinatlar əldə edə bilər. Bu baş verə biləcək döyüşdə ermənilərə xüsusi üstünlük vermir. Adekvat reaksiyasını nəzərə almaq lazımdır. Azərbaycan Hərbi Hava və Hava Hücumundan Müdafiə (HHM) qüvvələri lazım olan informasiyalara malikdir. Bu baxımdan Ermənistanın həmin istiqamətdə uğur qazanması mümkün deyil.

Son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət getdikcə gərginləşir. Bu onu deməyə əsas verir ki, artıq proseslər addım-addım genişmiqyaslı əməliyyatların başlanmasına doğru gedir. Proseslərə zəmin yaradan vəziyyəti gərginləşdirən Ermənistandır. Hesab edirəm ki, Azərbaycan baş verənləri düzgün qiymətləndirir. Ölkə başçısının da bu barədə konkret fikirləri var. Münaqişənin həllində öz üzərinə öhdəlik götürən dövlətlər dünən gecə baş verən hadisəyə reaksiya verməlidir. Ermənistan tərəfinin müharibəni "qızışdırmaq" cəhdlərinin qarşısı alınmalıdır".

 

Mustafayeva Aygün
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251