"Çap mediasına xərclədiyimizi qazana bilmirik” – Rəfail Becanov


"Qəzetimizi kütləyə təqdim edirik, ancaq xərclədiyimizi qazana bilmirik. Qəzetdə reklam bazarı olmalıdır, bu isə bizdə yoxdur. Azərbaycanda reklam bazarı sərbəstləşməlidir. İnternet inkişaf etdikcə çap mediası üçün təhlükə yaranır. Bu gün də o təhlükə bizi izləyir. Bunun üçün hökmən taktikanı dəyişib, internet mediasına keçmək lazımdır. Artıq çap mediasının baxış sistemi dəyişməlidir. Müasir texnologiyanın və internet erasinin inkişafı çap mediasını arxa plana keçirsə də dəyişməyən bir reallıq var, çap mediası bir tarixdir. Sabah hansısa internet resursu silinə və hücumlara məruz qala bilər. Bir anın içində serverlər çökə və bütün arxiv silinə bilər. Amma çap mediası hər zaman tarixdə qalır və silinmir. Bu səbəbdən də çap mediasını, çap mediasının yaşamasını olduqca əhəmiyyətli hesab edirəm".


Bu sözləri "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov Correct.az-ın təşəbbüsü ilə yaradılan Praktik Jurnalistika Məktəbinin təlimində qeyd edib.

O həmçinin “Bu vəziyyətin düzəlməsi üçün bizə zaman lazımdır. Bu məsələdə dövlətin də üzərinə məsuliyyət düşür. Çünki reklam bazarının şəffaflaşması üçün ölkədə şəffaf mühit olmalıdır. Cəmiyyətin baxışı dəyişməlidir, hökumətin mövqeyi dəyişməlidir. Bütün bu amillərin çap mediasının inkişafına təsiri var. Dövlət Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu vasitəsilə çap mediasına öz dəstəyini göstərir və qarşılarında bəzi kriteriyalar qoyub. Düşünürəm ki, dövlət bu formada deyil, xüsusi əlamətdar günlərdə maliyə yardımı edə bilər. Bu formada asılı vəziyyətə salmaq doğru yanaşma deyil. Sağlam, rəqabət mühitli reklam bazarı olsa həm çap mediası inkişaf edər, həm də işçi qüvvəsini masala təmin edə bilər. Məlumdur ki, bu gün qəzetlər satışdan vəsait əldə etmirlər. Əldə etdikləri vəsait heç çap xərclərini belə ödəmir. Belə olan təqdirdə ümidimiz reklam bazarınadır”.

Qeyd edək ki, Rəfail Becanov sonda gənc jurnalistlərin suallarını cavablayıb və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

 

Mustafayeva Aygün
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251