Erkən nigah, təhsildən yayındırma, qızlarını uçurumdan atan valideynlər - MÜSAHİBƏ


Müasir zamanda yaşasaq da təəssüf ki, insanlıq adına xoş olmayan hadisələr yayğın hal almaqda davam edir. Son günlərdə aldığımız qadın zorakılığı, qadın qətilləri və intiharı xəbərləri buna nümunədir. Nəticədə baş verən hadisə bir ailənin məhv olmasına, uşaqların anasız qalmasına səbəb olur. Bəs bu halların baş verməsində köklü səbəblər nədir? Qadınların və uşaqların zərər çəkməməsi üçün hansı addımlar atılmalıdır?

Correct.az saytı olaraq suallarımıza cavab tapmaq üçün "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovadan müsahibə aldıq.

Müsahibəni oxucularımıza təqdim edirik:

Nə qədər də 21-ci əsr desək, təəssüf ki, hələ də qadın zorakılığının, qadına şiddətin yayğın olduğu dövrdə yaşayırıq. Adətən deyirlər zəif kişilərin gücü yalnız qadına şiddət zamanı görülür. Qadına əl qaldırırsa demək ki, gücsüz və zavallıdır. Sizcə qadın zorakılığa məruz qalırsa kişinin yoxsa qadının acizliyindən baş verir?

- Ümumiyyətlə 21-ci əsr bizim üstümüzdə böyük yüklər qoyur. Bəzi hallarda 21-ci əsrdən gözləntimiz bu idi ki, o tamamilə fərqli obrazlanacaq. Lakin nəzərə almalıyıq ki, 21-ci əsrə yeni keçid etmişik və buna baxmayaraq 21-ci əsrin təsirləri var, amma tam dəyişməmişik. Nəzərə almaq lazımdır ki, coğrafi və dini, milli ənənələrimiz uzun müddət kök salmış bir dövlət, millətik bu baxımdan təbii ki, biz bəzi qaydaları və stereotipləri özümüzdən buraxmaqda çətinlik çəkirik. O ki qaldı qadınının və yaxud da kişinin aciz, gücsüz olması mözvusuna 21-ci əsrdə bu ifadələrin hər iki cins haqqında işlədilməsi siqma yaradır. Həmçinin bununla biz geniş siqmalar formalaşdırırıq. Məsələn mən deyəcəm qadın acizdir, indi də desəm ki, kişilər aciz, gücsüzdür bu yeni siqmaların formalaşması sayılacaq. Məsələyə fərqli kontekstdən yanaşsaq, qadın da kişi də güclüdür. Sadəcə olaraq bu gücü düzgün tənzimləmək bacarıqları olmayan cütlüklər var. Problem bundadır. Və 21- ci əsr insanların əvvəlki sosial rollarını, obrazını dəyişib. Bugünki gündə dünya iqtisadiyyatı, ümumiyyətlə iqtisadi amillər gətirib ona çıxardır ki, qadınlar üçün daha çox imkanlar ola bilir, kişilər üçün isə əksinə olaraq daha az imkanlar ola bilir. Və yaxud da qadınlar kişi işlərində işləyə bilir, kişi isə hələ o stereotipdən çıxa bilməyib ki, qadın işlərində işləsin. Bu baxımdan bəzi hallarda dediyim kimi sosial rollar dəyişib və qadın öz əvvəlki rolundan, evdar xanımlıq normalarından kənara çıxıb kişi işlərinə gedə bilir və bəzi məsələləri kişi kimi tənzimləyə bilir. Bunlar da göstərir ki, qadınlar aciz deyil, sadəcə olaraq güclər bərabər olmadığından və yanaşmalar düzgün qoyulmadığından bu problemlər baş verə bilər.

 


Qadınların rolundan danışdınız. Kişini də böyüdüb boya-başa çatdıran bir qadın olur, sizcə qadınlar oğul övladı böyüdərkən hansı səhvləri edir ?

- Əslində bu sual qadınlara qarşı daha bir siqmanın yaranmasına səbəb ola bilər. Yenə burada qadın qınağ olunur. Fikir versəniz, uzun müddət gözü qarşısında anası döyülən kişi bir travma ilə böyüyür. Bu haqda heç kim danışmır. Ümumiyyətlə gəlin görək, qadının tərbiyə işlərində iştirakı üçün icazə verilirmi? O prosesi idarə edərək, məsələlərə rahat müdaxilə edə bilirmi?. Ana ittiham olunur, yəni hansısa kişinin zorakı hərəkətinə görə bütöv şəkildə onun anası günahlandırılır bu yeni tendensiyadır. Yaxşı bəs kişi haradaydı? O necə tərbiyə verirdi? Demək kişinin tərbiyəsi, təsiri qadını tərbiyə prosesinə buraxmaması və yaxud pis obrazlarla nümunə olması o uşağın tərbiyəsində öz təsirini göstərəcək. Bu hal da ola bilər ki, qadın həqiqətən tərbiyə prosesindən uzaqlaşdırılır. Məsələn bizdə bir qadın var idi, uşağı doğulan kimi əlindən almışdılar ki, sənin işin-gücün var, get onlarla məşğul ol. Bilirsiniz, bu məsələlərdə qadının üzərinə yük qoymaq, siqma yaratmaq bu təzə bir tendensiyadır və mən düşünürəm ki, bu yanlışdır.

Adətən qız övladlarının evdə sevgisiz böyümələri, gələcəkdə istər sevgili istərsə də həyatyoldaşı seçimi edərkən yanlış addımlar atmalarına səbəb olur. Qarşı cinsdən ani xoş davranış gördükdə inana bilir, nəticəsi isə heç də xoş olmayan hadisələrə gətirib çıxarır. Hətta şantaj halları baş verir. Bu halların qarşısının alınması üçün qızlarımıza nə tövsiyələriniz var? 

Bizim yaxşı ənənələrimiz var. Amma qız uşağına kifayət qədər sevgi verməkdən daha çox qoruma instinktlərini işə salırlar. Və yanlışlıqların çoxu bu instinktdən dolayı olur. Guya ki, bu onlar üçün pozitiv yanaşmadır. Qızı pis hallardan qoruyur, xilas edir amma əslinə qalanda əksi olaraq problemlərə doğru itələyirlər. Məsələn götürək erkən nigah, təhsildən yayındırma və yaxud qız ailə qurarkən o evdə nə hallar baş verərsə evə qayıtmama tövsiyyəsi bunlara misaldır. Qoruma instinkti hesab edilsə də heç də doğru deyil. Müasir dövrümüzdə mənfi fəsadlar törədir və əksər vaxtlarda müdafiə olunmayan qadın psixoloji baxımdan zərər görür. Hansı qızlar ki, evdən dəstək görmür onların ailəsi ilə aralarında münasibətləri gərgin olur. Kişi müdafiəsiz, dəstəksiz bir qadına qarşı daha çox basqı etmək istəyir və daha çox ona münasibətdə onu aşağılamaq prinsiplərindən istifadə edir. Və bu baxımdan mən daha çox valideynlərə tövsiyə edərdim ki, övladlarınızı müdafiə edin, qoruyun. Amma bu müdafiə aqressiya, xırda məsələlərin qloballaşdırılması qismində olmasın. Sadəcə olaraq, ərə getdiyi adam bilmləlidir ki, sizin qızınızın yanında ailəsi var və çətin zamanlarında o, dəstəklənəcək. Bir də görürsünüz ki, bu dəstəklənməni fərqli formada təqdim edirlər. Oğlanı işə buraxmırlar, bütün ehtiyaclarını təmin edirlər, ona adına maşın, ev alırlar. Bu əməlləri ilə düşünürlər ki, öz qızlarının yerini yaxşı edirlər. Bir sözlə özləri iqtisadi gücü onun əlinə verir və qızlarını isə çıxılmaz vəziyyətdə buraxırlar. Mən bir neçə dəfə hadisələrin şahidi olmuşam. Sanki onlar bunları etməklə, sən də məcburi olaraq təki bizim qızımıza bax mesajını ötürürlər. Bu da qadın aşağılanmasının ayrı tendensiyasıdır. O ki qaldı sevgi məsələsinə, təəssüf ki, bəzi halarda bizdə stereotiplər var ki, qız uşağına, belə götürsək, heç oğlan uşağına da valideynlər əksər vaxt öz sevgisini nümayiş etdirməyi tərbiyədənkənar hesab edirlər. Elə düşünürlər ki, uşağa sevgi göstərsələr, onların ayağı yer alıb, bundan sui-istifadə edəcəklər. Tərbiyəni elə vermək lazımdır ki, uşaq o sevgini hiss etsin, həm də eyni zamanda ailə münasibətlərində qarışılıqlı hörmətin nə olduğunu anlasın və məsuliyyət hissi onlarda formalaşsın. Yəni uşaqlıqdan məsuliyət hissini formalaşdırmaq lazımdır.   

 Kişi müdafiəsiz, dəstəksiz qadına daha çox basqı edir söylədiniz. Sığınacağınızda bu halları yaşayıb, zorakılıq görüb sizə sığınan çox qadınlar var. İlk gəldikləri halla, hazırdakı vəziyyətləri arasında hansı fərqlər var?

- İlk gəldikləri vaxt təbii ki qorxaq, ürkək, travmalı, özgüvənsiz, heç nə bacarmaq gücündə olmamaq kimi xüsusiyyətlərlər onlarda müşahidə olunurdu. Hətta gözlərinə baxanda baxışlarında da bu sadaladıqlarımı gözəçarpacaq dərəcədə müşahidə etmək olurdu. Mən hər dəfə işçilərə, əsasən, psixoloqlara tapşırıram ki, ilk dəfə gələndə onların görkəmlərini, baxışlarını, əllərini çəksinlər. Bir də sonda bizdən gedən zamankı hallarını çəksinlər. Nəticədə tamamilə fərqli biri özgüvənli, özünə arxayın, özünü həmçinin övladlarını qoruyub saxlaya biləcək bir obrazlar ortaya çıxır.

Uşaqlar da bu hallarda travma alır, özgüvənsiz böyümələrinə səbəb olur. Bu hallarda uşaqları ən az zərərlə hadisələrin ağuşundan almaq üçün hansı addımlar atılmalıdır?

- Təbii ki, zorakılığın ikinci dalğası da uşaqlara təsir edir. Ən çox zərər çəkən qism hətta uşaqlar olur. Çox vaxt uşaqlar bunu şüuaraltı gizlədir, bizə elə gəlir ki, uşaq heç nəyi anlamır. Amma bilmək lazımdır ki, uşaqlar süngər kimi baş verən bütün hadisələri özlərinə çəkirlər. Bu uşaqlar gələcəkdə təcavüzkara çevrilir, ona görə də bu cür ailədən olan uşaqlarla işləmək lazımdır. Həmçinin bu uşaqlar təhsildən yayına, narkomaniya qurbanı ola, həm də içkiyə qurşana bilərlər. Və yaxud da seksual zorakılığa meyilli ola bilər, həmçinin bu cür zorakılığın qurbanına çevrilə bilərlər. Bu cür halların yaşanmaması üçün onların yuxusuna, tərləməsinə, oturuş-duruşlarına, ünsiyyətinə, təhsilinə diqqət etmək lazımdır ki, müşahidə əsnasında vəziyyətlərini qiymətləndirmək mümkün olsun.

Əsasən zorakılıq görüb dözən xanımlar deyirlər ki, övladlarıma görə dözürəm, istəmirəm atasız böyüsünlər. Sizcə bu halda uşağı zorakı ailənin içində böyütmək düzgündürmü?


- Bu da həmçinin stereotiplə bağlıdır ki, uşağım atasız böyüməsin. Lakin bu da doğrudur ki, atasız böyüyən uşaqlar, əsasən də qızlar natamam böyüyürlər. Analarını incitməmək üçün onlar ürəklərində ata sevgisini, istəyini gizlədib bəyan etmirlər. Amma böyüdükdən sonra görürsünüz ki, bu hisslər fərqli formada özünü göstərir. Xanımlar bəzi hallarda bu məsələlərdə haqlıdırlar. Amma uşağın zorakı mühitdə böyüdülməsi düzgün deyil. Həmçinin dərhal boşanmaya qaçmaq da düzgün deyil. Problemlərin həll olunması üçün kifayət qədər mütəxəssislər, psixoloqlar, sosial işçilər var. Ailədəki bu cür vəziyyətləri həll etmək üçün mübarizə aparmaq lazımdır, ən azından buna cəhd göstərilməlidir. Yoxsa hər hanı bir hadisə, və yaxud da qısamüddətli neqativ durum boşanma ilə nəticələnməməlidir.

Son zamanda qadın intiharları xəbər gündəmindədir. Əfsuslar olsun ki, savadlı, iqtisadi gücləri olan xanımlar da bu yola əl atır. Mübarizə aparmaq yerinə əksinə intiharı çıxış yolu seçirlər sizcə buna səbəb olan nədir?

İnsan özünü lazımsız hiss edəndə ehtimal ki, intihara əl atır. Ola bilsin ki, savadlıdır, iqtisadi gücü də var amma həyata, yaşama marağı yoxdur. Sevinc hissi yoxdur. Onsuz son zamanlar sevinc hissi az insanlarda rast gəlinir. Gələcəyə hədəfləri yoxdur, artıq hər şeyə əli çatsa da onun üçün maraqsız gəlir. Və yaxud da tərəfmüqabilinin, ətrafındakı insanların onu aldatması və anlamaması ilə də bağlı ola bilər. Tənhalıq hissi və özünü realizə edə bilməməsi də rol oyana bilər. Ən təhlükəlisi isə seksual təqibin, zorlanma halının olması da intihar etməyə səbəb ola bilər. Ümumiyyətlə hər intihar hadisəsinin arxasında kifayət qədər böyük problemlər vardır. İntihar halları yaxşı araşdırıldıqda vəziyyətin düzgün qiymətləndirildiyini müşahidə edə bilərik.

Yusibli Səkinə
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251