"Bəzi deputatların siyasətə qarışmamaları ölkəmiz üçün daha səmərəlidir" - Açıqlama


Azərbaycanın xalq artisti, sabiq deputat Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı prezidentə müraciətində "Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq durmuşam..." fikrini bildirib. Həmçinin deputat Jalə Əhmədova isə Teleqraf.com-a verdiyi müsahibədə siyasətdən uzaqdan dayananlar siyahısında olduğunu qeyd edib.

Parlamentdə təmsil olunan deputatların siyasətdən uzaq dayanmaları sosial mediada da birmənalı qarşılanmayıb və onların ünvanına sərt tənqidlər səslənib.

Şərq-qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Correct.az - a açıqlamasında bəzi deputatların siyasətə qarışmamalarının ölkəmizin taleyi üçün daha müsbət hal olduğunu bildirib:

"Ümumiyyətlə, Azərbaycan deputatlarının, Milli Məclis üzvlərinin bu cür bəyanatları yenilik deyil. Biz dəfələrlə belə fikirlər eşitmişik. Milli Məclis, parlament siyasi, qanunverici hakimiyyət orqanıdır və deputatların "biz siyasətə qarışmırıq" fikirləri olduqca gülməli və absurd səslənir. Amma ətraflı şəkildə düşündükdə qərara gəlmək olar ki, bəzi deputatların siyasətə qarışmamaları daha məsləhətlidir. Əgər onlar öz siyasət anlayışları ilə ölkənin siyasi həyatına qarışmış olsaydılar, respublikamız daha böyük faciələr yaşamış olardı. Buna görə də onların siyasətə qarışmaması ölkə üçün daha müsbət haldır".

"Əsl deputat ilk olaraq xalq tərəfindən seçilməlidir, təyin edilməməlidir. Bir deputatın sadəcə qanun və xalq qarşısında öhdəlikləri olmalıdır. Hazırda fəaliyyət göstərən deputatlardan normal fəaliyyət gözləmək qeyri-mümkündür. Çünki hər biri təyin olunmuş şəxslərdir. Məhz bu səbəbdən də cəmiyyət qarşısında kifayət qədər normal fikirlər söyləyən, çox sağlam düşüncələri olan şəxslər mandat alıb parlamentdə fəaliyyətə başlayanda sanki yüz səksən dərəcə dəyişirlər. Olduqca qeyri-real, ağlasığmaz fikirlər səsləndirirlər və onların bir müddət əvvəlki şəxs olduqlarına inanmaq çətin olur. Bu dəyişimin səbəbi isə onlara çərçivələrin cızılmasıdır. Bir vaxtlar parlamentin spikeri Oqtay Əsədov açıq şəkildə bildirmişdi ki, "mən heç kimə imkan verməyəcəm burada siyasətlə məşğul olunsun". Bu fikri deputata necə demək olar?! Parlamentin işi siyasətdir, deputat siyasətçidir! Nə qədər ki, bu işin kökündə saxta seçkilər durur heç bir deputatdan siyasi və ya fərdi fəaliyyət gözləmək olmaz" deyə politoloq fikirlərinə əlavə edib. 

Fidan Vəliyeva
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251