"Qarabağlılar bayrağı İlham Əliyevin Şuşaya sancacağına Günəşə inandıqları kimi inanırlar" - Deputat


Möhtərəm Prezidentin Az.TV, «İctimai TV» və «Real» TV-nin  əməkdaşlarına  verdiyi  müsahibə artıq   həm ziyalılar, həm siyasətçilər, həm də xalq tərəfindən  geniş  müzakirə edilməkdədi. Xüsusilə qeyd etmək istərdim ki, bu müsahibə  xalqda Azərbaycanın sabahı ilə, gələcəyi ilə, xüsusilə Dağlıq Qarabağ  probleminin  həlli  baxımından  xoş ovqat  yaratmış və müsahibə  böyük ruh yüksəkliyinə  səbəb  olmuşdu.

Məlumdur ki,  ölkədə 2018-ci ildən  başlayaraq  çox böyük iqtisadi  və siyasi  islahatlar həyata  keçirilir.  Bu islahatların  verdiyi  bugünki  və gələcək nəticələri  müsahibədə  geniş  yer  almışdı.  Həm bir ziyalı  kimi, həm də  bir qarabağlı kimi müsahibədə   məni  ən  çox cəlb edən  məsələ  Ermənistan-Azərbaycan Dağlıq   Qarabağ  münaqişəsi  ilə bağlı  Möhtərəm Prezidentin tutduğu  qətiyyətli mövqedir.  Hələ  ötənlərdə dövlət  başçısı  bu məsələyə «Qarabağ Azərbaycandır. Nida!» sözləri ilə  son nöqtəni  qoymuşdu.

Prezident müsahibəsində deyir: «Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə  danışıqlarda  iştirak etməyəcəyik. O demək  deyil ki, biz danışıqlardan   imtina edirik, ancaq  o deməkdir ki, biz Ermənistanın özünə görə  bic siyasətinə  qoşulmaq istəmirik. Bu  görüntü naminə  aparılan  danışıqlarda  iştirakımız o görüntünün  mahiyyətinə  uyğun   olacaqdır. Faktiki  olaraq  Ermənistan  rəhbəri danışıqlar  prosesini  pozub. Pozur  yox,  pozub. Çünki  onların  cəfəng bəyanatları, təxribat  xarakterli addımları danışıqları mənasız edib».

Bəli, Ermənistanın  əsas  məqsədi  danışıqları  uzatmaqla, pozmaqla və Möhtərəm  Prezidentimizin  dediyi kimi, cəfəng  bəyanatlarıyla  həm  beynəlxalq ictimaiyyəti  aldadır, həm də indiki  status  kvonu saxlamaq istəyir.  Və növbəti  təxribatlarından  biri də Livandan erməni ailələrini Dağlıq Qarabağa köçürməsidir. Və həm də bunları  çəkib televiziya vasitəsilə bütün  dünyaya  yaymasıdır.  Bu da  bütün beynəlxalq  konvensiyaya  ziddi. Çox təəssüf ki,  beynəlxalq ictimaiyyət də bu  məsələyə  göz yumur.  Qoy göz yumsunlar. Azərbaycan  o  yumulu  gözləri açmağa   qadirdir  və  açacaq.  Və onda  ermənilər üçün çox pis olacaq, beynəlxalq  ictimaiyyətin də utanan üzü varsa…

Məlumdur ki, Ermənistanın  təxribatlarından  biri də  Dağlıq Qarabağı danışıqlara  soxmaqdı. Təbii ki, Azərbaycan da  heç  vaxt  separatçılarla və terrorçularla   hər hansı bir  danışıqlara  girməz.  Dünyada heç bir özünə  hörmət edən   dövlət  separatçılarla və terrorçularla danışıqlara  getmir.  Bu məsələdə də Möhtərəm  Prezident öz qəti  mövqeyini  ortaya  qoyub. 

Ermənistan  baş nazirinin Azərbaycanın qarşısında yeddi şərt qoyması ilə bağlı dövlət  başçısı deyib: «Birincisi, sən kimsən ki, bizimlə şərtlə danışırsan. Əgər biz onunla  şərt dili ilə danışmaq istəsək,  onun  siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik.  Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, BMT  Təhlükəsizlik Şurasının  qətnamələrində bu öz əksini tapır».

Möhtərəm Prezident müsahibəsində məlum Tovuz döyüşlərinə də toxunub.  Və bildirib ki, həm Tovuzda, həm də Naxçıvanda  aparılan  uğurlu əməliyyatlar Ermənistana   bir dərs oldu.    Ermənistanın  Kollektiv  Təhlükəsizlik Müqaviləsi Təşkilatına  müraciəti də cavabsız qaldı. Və hətta Kollektiv  Təhlükəsizlik Müqaviləsi  Təşkilatı  bir bəyanat da vermədi, sadəcə  şərh verdi  və  onların səyləri  puça  çıxdı.

Jurnalistlər Türkiyə və Azərbaycan hərbçilərinin  birgə təlimləri ilə bağlı məsələyə də toxunublar.  Prezident İlham Əliyev  jurnalistlərə  cavabında deyib: «İlk  növbədə, mənim  əziz qardaşım Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü  bildirmək istəyirəm. Tovuz hadisələrindən sonra onun birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmnun  etdi, Azərbaycan xalqını  sevindirdi. Bir daha  göstərdi ki, Türkiyə  hər zaman Azərbaycanın yanındadı. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının  təzahürü idi».

Və daha  sonra  əlavə edir ki, «biz də hər zaman Türkiyənin  yanındayıq və bütün məsələlərdə, - bunu artıq Türkiyədə də  bilirlər. Azərbaycanda da bilirlər, dünyada da  bilirlər, - Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim  birliyimiz  böyük  sərvətimizdir».

Və onu da qeyd edir ki, bu  təlimlər müntəzəm olaraq keçirilir, həm  Azərbaycanda, həm də Türkiyədə. Eyni zamanda  Naxçıvanda da  təlimlər  keçirilir. Və təbii ki, bu da  Ermənistanı bərk qorxuya  salır: «Beləliklə, bu təlimlərə qayıdarkən  bir daha demək istəyirəm ki, təlimlər  keçirilir və nə qədər  lazımdır keçiriləcək. Bu təlimlər bizə lazımdır, Türkiyəyə lazımdır, regional  sabitliyə lazımdır. Çünki Ermənistan  regional sabitlik  üçün təhdiddir».

Prezident İlham Əliyev müsahibəsini bu fikirlərlə yekunlaşdırır: «Bizim başqa  ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da  heç kimə verən deyilik. Bu  gün mövcud olan  Ermənistan tarixi Azərbaycan  torpaqlarında yaradılıbdır. Bu haqda  kifayət qədər  tarixi  sənədlər var. İkinci erməni  dövlətinin  yaradılmasına  biz heç vaxt  imkan verməyəcəyik . Qarabağ bizimdir, Qarabağ  Azərbaycandır!»

Yazımın  əvvəlində  dediyim kimi, Möhtərəm Prezidentin çıxışı  xalq tərəfindən böyük ruh yüksəkliyi ilə  qarşılanıb. Bir ziyalı kimi və qarabağlıları Milli Məclisdə  təmsil edən  millət vəkillərindən   biri kimi   qarabağlılar adından onu demək istərdim ki, Qarabağ  camaatı Ulu Öndər Heydər Əliyevin ilk dəfə rəsmi dövlət bayrağı kimi Naxçıvanda qaldırdığı o müqəddəs bayrağımızı  Prezident İlham Əliyevin bir gün  Şuşaya  sancacağına Günəşə, Aya  inandıqları kimi  inanırlar.  Və  Möhtərəm  Prezidentin  yanındadırlar və Qarabağın  azadlığı  uğrunda başlanacaq savaşda da ön cərgədə olacaqlar.

Tanrı Azərbaycanımızı qorusun!

Tanrı  Prezidentimizi qorusun!


Aqil Abbas

Milli Məclisin deputatı

Şikayətiniz varsa Whatsapp: 0505165251