Manata təhlükə varmı?


Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat açıqlayıb.

AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5 faizdə  dəyişməz saxlanması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 7 faiz səviyyəsində müəyyən edilib.

Avropa Mərkəzi Bankı(ECB) da bir neçə gün əvvəl keçirilən iclasında faiz dərəcələrinin sabit saxlanılması barədə qərar qəbul edib. Qurum yenidən uçot dərəcəsini 0 faiz, marginal faiz dərəcəsini 0,25 faiz, depozit faizini isə -0,5 faiz səviyyəsində saxlayıb. ECB istiqraz alışı proqramını da dəyişdirməyib.

Azərbaycanda manatın məzənnəsinə əsas təsir göstərən amil rolunda neftin dünya bazar qiyməti çıxış edir. Bu bazarda isə son bir həftədə qiymətlərin ucuzlaşması prosesi gedir. Belə ki, oktyabrın 29-da Londonun “İCE Futures” birjasında Brent markalı neftin qiyməti 37 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX elektron birjasında WTI neft i isə 36 dollardan da aşağı satılıb. Ümumilikdə oktyabr ayı ərzində Brent 7 faiz, WTI isə 9 faizdən çox dəyər itirib.

Ucuzlaşma Azərbaycan neftindən də yan keçməyib. Belə ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,61 dollar, yaxud 4,1 faiz azalaraq 37,65 dollar təşkil edib.

Neft bazarındakı volatilliyin səbəbi kimi bir neçə amil qeyd olunur. Bunlardan birincisi Avropada koronavirus pandemiyasına görə yenidən sərt karantin tədbirlərinə əl atılmasıdır. “AxiCorp”un təqdim etdiyi icmala görə, Avropada artırılan karantin tədbirləri üzündən tələbat artımı əngəlləndiyi üçün neft bazarına dair qısamüddətli proqnozlar “ürəkaçan deyil”: “Tələbatın hazırkı trendi davam etsə, yaxın həftələrdə neftin kəskin ucuzlaşması təəccüblü deyil”.

Neftin ucuzlaşmasının digər əsas səbəbi Liviyada hasilatın və ixracın sürətli artımıdır.

Neft bazarını həyəcanlandıran daha bir amil ABŞ-dan neft ehtiyatlarına dair açıqlanan məlumatdır. Belə ki, ABŞ hökumətinin açıqladığı rəsmi məlumata görə 16-23 oktyabr tarixləri arasında ölkədə neft ehtiyatları 4,3 milyon barel artıb. Bu da iyul ayından bu yana ən yüksək artımdır. NYMEX-də satılan neftin saxlandığı Kuşing anbarlarında neft həcmi eyni müddət ərzində 400 min barel azalıb.

Bundan əlavə, ötən həftə ABŞ-da gündəlik neft hasilatı 1,2 milyon barel artaraq 11,1 milyon barelə çatdırılıb. Ölkədə benzin ehtiyatının həcmi ekspertlərin proqnozundakı 700 min barelə qarşı 90 min barel, distilat ehtiyatı isə 2,5 milyon barelə qarşı 4,5 milyon barel azalıb.

Göründüyü kimi, Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinə yönəlik təsirlər heç də ürəkaçan deyil. Bu isə Azərbaycanda milli valyutaya oıan təzyiqlərin artmasını şərtləndirir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15 milyard 667,8 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 8 milyard 977,3 milyon dollarını və ya 57,3 faizini ixrac, 6 milyard 690,5 milyon dollarını (42,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2 milyard 286,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,8 faiz, real ifadədə 22,9 faiz, o cümlədən idxal 42,2 faiz, ixrac isə 8,9 faiz azaıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, sentyabr ayında ixracımız 700 milyon 34.86 min dollar, idxalımız isə 1 milyard 132 milyon 461.94 min dollar təşkil edib. Bu isə 432 milyon dollardan yuxarı mənfi saldonun yaranması deməkdir. Lakin 9 ayın yekununda ticarət saldomuz müsbətdir. Belə ki, 9 ayda xaricə 10 miyard 579 milyon 819.85 min dollarlıq məhsul satıb, 7 milyard 823 milyon 453.39 min dollarlıq mal almışıq.

Azərbaycan hökuməti 2020-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının kəsirini 1 milyard 539,6 milyon dollar və ya ÜDM-in 3,7 faizi səviyyəsində proqnozlaşdırır. Hökumətin proqnozlarına əsasən, 2021-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 1 milyard 377,2 milyon dollar və ya ÜDM-in 3,1 faizini, 2022-ci ildə - 518,5 milyon dollar və ya ÜDM-in 1,1 faizini təşkil edəcək.

Azərbaycan hökumətinin qiymətləndirmələrinə əsasən, tədiyə balansı ilə əlaqədar vəziyyət əksər halda dünya bazarlarında neftin qiymətindən asılı olacaq.

İqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, cari ilin doqquz ayı ərzində ölkə iqtisadiyyatının 3,9 faiz kiçilməsi COVİD- 19 pandemiyasının dünya iqtisadiyyatına yaşatdığı problemlərlə bilavasitə bağlıdır: “Karantin rejimlərinin tətbiq edilməsi və bu səbəbdən müəssisələrin fəaliyyətində yaranan fasilələr son nəticədə ölkə iqtisadiyyatına geriləməni şərtləndirən əsas səbəblərdir. Pandemiya səbəbindən dünya bazarlarında neftin qiyumətlərində baş vermiş azalmalar və bütövlükdə neftin qiymətlərindəki qeyri-sabitlik son nəticədə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün daha həssas məqamlar yaşada bildi. Son bir həftə ərzində dünya bazarlarında neftin qiymətləri bir barel üçün 4,2 dollar və ya 9,9 faiz azalıb ki, bu da qiymətlərdə kəskin dəyişikliyin baş verməsi deməkdir. Koronovirus pandemiyasının ikinci dalğasının güclənməsi bütün dünyada iqtisadi aktivliyi bir qədər aşağı salır. Belə bir vəziyyət neftə olan tələbatı azaldır. Bu gün dünya bazarlarında neftin qiymətlərində baş verən kəskin azalmaların əsas səbəbi də budur”.

Ekspert bildirir ki, Azərbaycan hökuməti bu şəraitdə ölkə iqtisadiyyatının özəyini təşkil edən kiçik və orta biznesin qorunması və onun postpandemiya dövründə yenidən normal fəaliyyətə başlaması üçün mümkün tədbirlər görür: “Lakin pandemiya dövrünün nə qədər davam edəcəyinin bəlli olmaması bu vəziyyəti tək Azərbaycan üçün deyil, digər ölkələr üçün bir qədər də mürəkkəbləşdirir. Bu dönəmdə Azərbaycanın torpaqlarını işğalından qurtarmaq uğrunda apardığı Vətən Müharibəsi kifayət qədər resursların istifadə olunmasını zəruri edir. Azərbaycanın iqtisadi və maliyyə durumu kifayət qədər dayanaqlıdır. ÜDM-dən çox olan valyuta ehtiyatlarımız bizim bütün fors-major hallar üçün təhlükəsizlik yastığımızdır.

Rəsmi statistikaya görə, cari ilin 8 ayı ərzində xarici ticarət dövriyyəmizdəki 2,3 milyard ABŞ dolları həcmində müsbət saldo ölkənin maliyyə sistemində sabitliyin qarantı kimi çıxış edir. Pandemiyanın ikinci dalğasının  gələn ilin mart ayına qədər tam ram olunacağı proqnozları isə neftin qiymətlərində yenidən artımların baş verəcəyinə ümüdləri artırır. Belə bir vəziyyətdə Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması tam məntiqi bir addımdır. Xatırladıram ki, Mərkəzi Bank 2017-ci ildən başlayaraq uçot dərəcəsini 15 faizdən 6,5 faizə qədər aşağı salmışdı. Bu, göstərilən dövr ərzində uçot dərəcəsinin 2,3 dəfə azaldılması deməkdir. Mərkəzi Bankın bu addımı iqtisadiyyatın makro səviyyədəki sabitliyinin bir göstəricisidir. Uçot dərəcəsini belə kəskin aşağı salmaqda məqsəd, ölkə iqtisadiyyatını daha ucuz kredit resursları ilə təmin etməkdən ibarətdir. İqtisadiyyatı stimullaşdırmaq və onun kredit əlçatanlığını artırmaq üçün uçot dərəcəsinin belə kəskin aşağı salınması kommersiya bankları tərəfindən birmənalı qarşılanmamalıdır. Onlar da öz növbəsində üzlərini ölkə iqtisadiyyatına tutmağa başlamalıdırlar. Ancaq təəssüf ki, hələlik biz bu addımları görə bilmirik".

F.Yusifovun fikrincə, bütün bunlarla yanaşı Azərbaycan postpandemiya və postmüharibə dövrünə ciddi hazırlaşmalıdır: “Düşünürəm ki, biz Qarabağda işğal altında qalmış torpaqlarımızı azad etmək yolunda necə dönüş etdiksə, eyni şəkildə də iqtisadi sferada dönüş etməyi bacarmalıyıq. Bunun üçün bütün səviyyələrdən olan resurslarımız yetərlidir. Atacağımız bu addımlar öz növbəsində milyardlarla dollar xarici investisiyaların Azərbaycan iqtisadiyyatına yatırılmasına şərait yaradılması demək olacaq. Neft real olaraq unudulmalı və real iqtisadiyyat üçün indikindən dəfələrlə münbit bir mühit formalaşdırılmalıdır. Yaddan çıxartmayaq ki, 10 il bundan öncə özünün elektrik enerjisinə olan tələbatının 15-18 faizini alternativ enerji mənbəələri hesabına ödəyən bəzi Avropa ölkələrində bu rəqəm artıq 50 faizi ötür. Kim nə deyir desin, kim nə yazır yazsın, real olan budur ki, neft erası bitməyə doğru gedir”.Musavat.com

Şikayətiniz varsa Whatsapp: 0505165251