“Qarabağda erməni qüvvələrinin qalması müqaviləyə ziddir” - Açıqlama


29 noyabr tarixində Ermənistan Müdafiə Nazirliyinin xalqa verdiyi açıqlamada Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı tərk etməyəcəyi haqqında fikirlər səsləndirilib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyannamədə belə bir bənd qeyd edilməyib. Mənfur düşmənin yenə də öz hiyləgər planlarından əl çəkmədiyi göz önündədir. Bəyannaməni imzalayan tərəflərin bu məsələyə qarşı səbr nümayiş etdirmələri birmənalı qarşılanmayıb. Ermənistan MN-nin bu çıxışından sonra Azərbaycan xalqını narahat edən bir sıra suallar ortaya çıxıb. Ətraf rayonlarda olduğu kimi Dağlıq Qarabağ ərazisindən də erməni silahlı qüvvələri çıxacaqmı? Bu istiqamətdə işlər aparılırmı?

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Correct.az-a verdiyi açıqlamada yaxın zamanda erməni qüvvələrinin təmamilə Dağlıq Qarabağı tərk edəcəyini qeyd edib: "Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 9 bəndlik bəyannamədə göstərildiyi kimi Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisini tərk edir. Artıq son köçürülmə yekunlaşır. 3 rayondan erməni silahlı qüvvələri razılaşmaya əsasən çıxır. Digər rayonlar isə Azərbaycan ordusunun gücü hesabına boşaldılıb. Hazırda Dağlıq Qarabağda - Xankəndi, Xocavənd və Ağdərənin bəzi kəndlərində silahlı erməni birləşmələri var. Ermənistan Müdafiə Nazirliyinin dünənki çıxışında həmin qüvvələrin Dağlıq Qarabağdan çıxarılmayacağı bəyan edildi. Bu məsələnin həlli istiqamətində Azərbaycan dekabrın 1-ni gözləyir. Mütləq şəkildə Ermənistan silahlı qüvvələri de-yure Azərbaycan ərazisində olmamalıdır. Bu, bəyannamədə qeyd olunub. Əks halda dekabrın 1-dən sonra Azərbaycan bunu Rusiyadan tələb etməlidir. Çünki Rusiya bu məsələdə söz sahibidir. Mən düşünmürəm ki, Ermənistan böyük və nizami ordusu hal-hazırda Qarabağdadır. Lakin kəmiyyətindən asılı olmayaraq erməni qüvvələri Qarabağı tərk etməlidir. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Dağlıq Qarabağda hansısa erməni qüvvəsinin olması müqavilənin şərtlərinə ziddir və bu, o deməkdir ki, münaqişə yeni fazaya keçə bilər. Azərbaycan bu məsələdə sakit qala bilməz, çünki olduqca ciddi bir məsələdir. Ermənistan Müdafiə Nazirliyinin verdiyi açıqlama isə düşünürəm ki, sadəcə daxili auditoriyanın sakitləşdirmək məqsədi daşıyır".

Fidan Vəliyeva

Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251