Deputatlar şəhid ailələrinə necə diqqət göstərirlər?


İkinci Qarabağ Müharibəsində vətən, xalq uğrunda canlarından keçən oğullarımız oldu. Bu gün də dəfn olunan şəhidərimiz böyük izdihamla son mənzilə yola salınır. Bəs deputatlar şəhid dəfnlərinə qatılırmı, şəhid ailələrini diqqətdə saxlayırlarmı? Sosial şəbəkələrdə bununla bağlı fərqli fikirlər var. Cənub bölgəsindən olan deputatlar təqid edilir. Modern.az mövzuya münasibət öyrənməyə çalışıb: 73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev deyir ki, heç bir şəhid ailəsi diqqətdən kənarda qalmır:

“Hər birimizin üzərinə böyük iş düşür. Mən də təmsil etdiyim rayonun deputatı olaraq şəhidlərimizin dəfnində iştirak etmişəm, ailələrinə baş çəkmişəm. Hazırda Lənkəranda koronavirus sürətlə yayılmaqdadır. Buna baxmayaraq, özüm qatıla bilmədiyim şəhid dəfnlərində köməkçilərim iştirak edir”.

70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov da şəhidlərin dəfninə qatılan deputatlardan olduğunu deyib:

“Təbii ki, Vətən müharibəsində  bizim igid oğullarımız şəhid oldu. Allah onlara rəhmət eləsin. Mən də deputat olaraq şəhid ailələri ilə mütəmadi əlaqə saxlayıram. Şəhid dəfnində də iştirak etmişəm. Ailələrinə özüm baş çəkə bilmədiyim zamanlarda köməkçilərim baş çəkir. Heç bir şəhid ailəsini diqqətdən kənarda saxlamırıq”.

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə şəhid ailələrinə baş çəkdiyini bildirib:

“İlk günlərdə şəhid dəfnlərinə qatıla bilmədik. Həmin vaxt köməkçilər iştirak edirdi. Özüm də mütəmadi olaraq rayon rəhbərliyi ilə əlaqə saxlayır, son durumu öyrənirdim. Lakin bir neçə gün keçəndən sonra dəfnlərə qatıldım. Ailələrinə də baş çəkdim. Keçən həftə də şəhid dəfninə qatılmışdım. Bacardığım qədər şəhid ailələrinə dəstək olmağa çalışıram. O şəhidlərə ömrümüzün sonuna qədər borcumuz var”.

Mənbə:Pravda.az

Şikayətiniz varsa Whatsapp: 0505165251