"Bu qaydalara əməl etsələr, virusa yoluxsalar belə çox rahat, simptomsuz keçirə bilərlər" - Müsahibə


Artıq bir ildən çoxdur ki, COVİD-19 virusuna yoluxanların sayı durmadan artır. Bu müddət ərzində vaksinin tapılmaması 1,5 milyon nəfərin həyatına son qoyub. Azərbaycanda isə bu göstərici 1470 nəfərdir. Son ayda isə yoluxanların sayı sürətlə artır. Bu gün Azərbaycanda aktiv koronovirus xəstəsi 49 minə yaxındır. Bölgələr üzrə isə ən yüksək yoluxma faizi insanların sıx məskunlaşdığı Abşeron yarımadasındadır. Gün ərzində yoluxanların sayının sürətlə artması digər insanların da yoluxma ehtimalını artırır. Bəzi insanlar hələ də virusa əhəmiyyət verməsələr də, bəziləri daha da təşvişə düşür. Bəzən insanlar virusdan qorunmaq üçün doğru bildiyi yalnışlıqlara yol verir. Bu isə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Başqa bir hal isə aktiv xəstələrin bir qismi məsələyə ciddi yanaşmamasıdır, evlərini tərk edib digərlərini də yoluxdururlar. Bütün bu hallarda virusdan qorunmaq və ya koronoviruslu xəstə tez sağalması üçün nə etməlidir?

COVİD-19 virusu bağlı bir sıra məsələlərə İstanbul Medipol Üniversitetinin araşdırmaçısı, həkim terapevt, fitoterapevt, dərman bitkiləri üzrə tədqiqatçı Elnur Eldaroğlu Correct.az-a müsahibəsində aydınlıq gətirib.

Yüksək hərarət, öskürək kimi əlamətlərdən başqa xəstələrin hansı şikayətləri olur?

-COVİD-19 bir kəskin respirator virus infeksiyası olduğundan digər virus infeksiyaları kimi hərarət, öskürək əlamətləri verə bilir. Bu xəstələr zəif halsızlıq kürək və sinə nayihəsində zəif ağrılar hiss edə bilərlər və həddən artıq tərləmə ola bilər. Bu da mineralların itməsi ilə əlaqədar ola bilir. Mütləq deyil ki, hamısında ağciyərlərdə dəyişikliklər müşahidə olunsun, yəni buzlu şüşə kimi fenomenə çevrilən bir əlamətləri, görüntüləri nəzərdə tuturam. Bəzən isə heç bir simptom müşahidə olunmur.

Hansı hallarda bu xəstəlik ölümlə nəticələnə bilər?

-Xəstəlik ağırlaşa bilən xəstəlikdir, lakin bəzən bu ağırlaşmaya da bilər. Bu damar divarının, yəni endotel sahəsinin darlaşmasından asılıdır. Bu da bronx daralmasına və laxtalanmanın artmasına gətirib çıxarır. Bu ölüm riskini artıra bilir. Əsas qanda oksigen doyumuna, yəni saturasiyaya nəzarət edilməlidir. Saturasiya göstəricisi 90-dan yüksək olmalıdır. Bu göstərici aşağı düşərsə, xəstə ciddi şəkildə müalicə almalıdır.

Bəzən digər xəstələr xəstələnib sağalmış adamların istifadə etdiyi dərmanları alıb istifadə edir. Bu nə dərəcədə düzgündür? Əks təsirləri ola bilərmi?

-Tamamilə yanlışdır, çünki hər kəsdə eyni tutulum, eyni klinik əlamət və yanaşı xəstəliklər ola bilməz. Məsələn, şəkəri olanlara bir çox dərmanların və sistemlərin istifadə olunması məsləhət görülmür.

Əgər kimdəsə hər hansı əlamətlər digərlərində kimi aktiv deyilsə, yəni yüksək hərarət, oksigen aclığı yoxdursa, çox dərmanlardan istifadə etməsi lazım deyil. Bəzən lazımsız yerə anti-viral ( virus əleyhinə və ya anti-biotik (bakteriya əleyhinə) dərmanlardan qoruyucu məqsədilə istifadə edirlər, əslində isə bu vasitələr qorumur. Hətta bunlardan heç xəstəlik tutulmasa belə istifadə edirlər. Bu isə əksinə immunitetin aşağı düşməsinə səbəb ola bilir.

Virusa yoluxmamaq üçün hansı qabaqlayıcı tədbirlər görmək lazımdır?

-Qabaqlayıcı tədbir kimi, təbii məhsullardan istifadə etsinlər. Keçi buynuzu meyvəsi, propolis 20%-li cövhəri, buğda rüşeymli məcun və bu tipli məhsullar istifadə etsinlər. Şəxsi gigiyenaya qaydalarına əməl edib daxili immuniteti artırsalar, hətta virusa yoluxsalar belə çox rahat, simptomsuz keçirə bilərlər. O qədər də çox vahiməyə düşmək lazım deyil. Ən önəmli olan panik vəziyyət yaratmamaqdır, çünki stress özü də tənəffüs mərkəzinə təsir göstərib bizim oksigen tələbatını azalda bilər.

Virusa yoluxmuş xəstələr daha tez sağalması üçün nələrə əməl etməlidir?

-Virusa yoluxanlar da dərmanlarla yanaşı yuxarıda qeyd etdiyim təbii məhsullardan istifadə etdikdə, şəxsi gigiyena qəbul edərkən daha tez sağalır və ağırlaşma az rast gəlinir.

Ciddi əlamət və yanaşı xəstəliyi olduqda isə mütləq həkim nəzarətinə alınmalıdır.

 

Tərlan Qəhrəmanova
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251