Müharibə iştirakçılarına xüsusi imtiyaz veriləcəkmi? - Açıqlama


Mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır.

Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatmasına baxmayaraq, kimi vətən uğrunda canından keçdi, kimisi də, əl-qolunu qurban verdi. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.

Qarabağ döyüşlərində şücaət göstərən, ümumiyyətlə döyüşlərdə iştirak edən hərbçilərə xüsusi imtiyazların verilməsi iddiaları var. Bu istiqamətdə nə kimi imtiyazlar verilməsi nəzərdə tutula bilər?

Bu barədə Correct.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli sualımızı şərh etdi. Onun sözlərinə görə, əsas imtiyaz müharibə iştirakçılarının işlə təmin olunmasıdır:

"Əvvəla, qeyd edim ki, II Qarabağ müharibəsində iştirak edənlərin statusu müəyyənləşdiriləcək. Dövlət tərəfindən müharibə veteranlarına, şəhid ailələrinə, aylıq və birdəfəlik müavinət verilir. Azərbaycan Prezidenti tərəfindən müharibə iştirakçılarına göstərilən imtiyazlar hər il daha geniş şəkildə tətbiq edilir. Prezident İlham Əliyev çıxışında da demişdi ki, öncəliklə müharibə veteranları (əmək qabiliyyəti olanlar) iş yerləri ilə təmin olunmalıdırlar.
Bir nümunə göstərmək istəyirəm. İki balıqçı dənizin kənarında əyləşir. Balıqçı baxır ki, digərinin yanına kimsə gəldi, söhbətləşdi və sonra da getdi. Balıqçı yoldaşının yanına yaxınlaşıb həmin adamın kim olduğunu soruşur, o da cavablayır:
- Çörək istədi, mən də verdim.
- Necə verdin?
- Öz payımdan böldüm, ona da verdim.
- Sən ona çörək vermə, balıq tutmağı öyrət.

Yəni, əsas işlə təmin olunmaqdır. Bir müddətdən sonra hər şey qaydasında düşəcək. Küçədə gəzərkən əlil arabasında, yaxud kiminsə köməyi olmadan hərəkət edə bilməyən adamlarla üzləşəcəyik. Bu insanlara həmişə xüsusi diqqətlə yanaşılmalıdır.
I Qarabağ savaşında qudurğan məmurlar bir qisim müharibə veteranlarına deyirdilər ki, sizi Qarabağa döyüşə biz göndərməmişik. İroniya və sarkazmla yanaşırdılar. Güman edirik ki, indiki mərhələdə belə hallara yol verilməyəcək. Çünki cənab Prezident yaralılarla görüşü zamanı dedi ki,mən həmişə sizin yanınızdayam. Bu həm də məmurlara, nazirlərə bir mesaj idi.

İnanıram ki, II Qarabağ müharibəsinin iştirakçılarına göstərilən münasibət, I Qarabağ savaşının döyüşçülərinə göstərilən münasibətdən daha yaxşı olacaq".


Aygün Mustafayeva
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251