“Əsgərlərinə “Çıx!” komandası verib, özü səngərdə qalıb şəhid oldu” - Fotolar


Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi, Hakim Nizam oğlu Bəşirov 2 mart 1989-cu ildə İmişli rayonunun Əliyetməzli kəndində anadan olub. Orta təhsilini İmişlidə alan Hakim, elə uşaqlığından vətənpərvər olmağı ilə seçilib. Onu tanıyanlar onun sakit, təmkinli və səbrli biri olduğunu bildirir.

Vətənə olan sevgisi ailədən qaynaqlanan şəhidimizin əmisi Rövşən Bəşirov da 18 yaşı tamam olmamağına baxmayaraq, ərizə yazaraq, könüllü olmuşdur və 1992-1996-cı illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vətən müharibəsi başlayan ilk gündən veteran dostları ilə birlikdə İmişli hərbi komissarlığına yaxınlaşaraq, müharibədə iştirak etmək istədiklərini bildirsələr də hərbi komissarlıq onların bu istəklərini qəbul etməyib.

Leytenant Hakim Bəşirov döyüşə yollandığı gün əmisinə zəng edərək, “Əmi, mən gedirəm” deyib. Əmisi də “Hakim, çox keçməz, yanındayam” deyə bildirsə də, sözünü tuta bilmədiyi üçün bu gün də çox təəsüflənir.

Hakim ailəsinə bağlı, vətənini hədsiz çox sevən biri olmuşdur. Döyüş yoldaşlarının sözlərinə görə, Hakim yaralanan vaxt səngərdə əsgərləri də olub. Leytenant Bəşirov əsgərlərinə “Çıx!” komandası verib, özü orda qalıb.  Minamyot  qəlpəsi alaraq, yaralanan Hakim, elə ordaca şəhid olmuşdur.

 

Azərbaycan Ordusunun leytenantı olan Hakim Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq, yüksək şücaət göstərib. İki azyaşlı övladı olmasına baxmayaraq, Vətən müharibəsinə təkidlə qatılmağının vacib olduğunu bildirib və döyüşlərdə iştirak edib.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalıAzərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Hakim Bəşirovun döyüşlər zamanı göstərdiyi qəhrəmanlıq bu gün də hərbiçi dostları tərəfindən danışılır ,xatirəsi daima yad edilir.

Hakim Bəşirov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Correct.az Şəhidimizin son şəklini təqdim edir:

 

 

Qəhrəman şəhidimiz Hakim Bəşirov oktyabrın 23-də İmişli rayonunun Əliyetməzli kəndində, babasının məzarının yanında dəfn edilib.

Allah qəhrəman şəhidimizə rəhmət eləsin! Bütün ailə üzvlərinə və yaxınlarına səbr diləyirik!

 

 

 

Arzu İlhamsoy

Correct.az