“Rusiya Şuşaya “İsgəndər”i ona görə atdı ki, Şuşa erməni qüvvələrin nəzarətində qalsın”


Ötən günlərdə İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərinə atılan “İsgəndər” raketinin qalıqları Bakı müəssisələrinin birinin ərazisində nümayiş olunub. Qalıqlar üzərindəki seriya nömrəsi Rusiyada istehsal olunan bu kateqoriyaya aid raketlərin məlumatlarına uyğun gəlib.

Şuşaya “İsgəndər” raketinin hansı ərazidən atılması çox müəmmalı məsələdir.

Bu barədə Correct.az saytına açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Qarabağ müharibəsi ərəfəsində Ermənistandan Azərbaycana qarşı “Skad”, “Smerç” tipli ballistik raketlər atılması məlumdur. Lakin “İsgəndər” raketlərinin atılması ilə bağlı ciddi məlumatlar olmayıb:

“ Nikol Paşinyanın “İsgəndər” raketlərini Azərbaycana qarşı istifadə edildiyini qeyd etməsi rezonans doğurdu. Aərbaycanın Rusiya ilə müəyyən dostluq məsələlələrinin olması ilə əlaqədar, bunu müəyyən dərəcədə təkzib etdi və önə çəkmədi.

Qeyd edim ki, “İsgəndər” raketləri Ermənistanda olsa da onun pultu Rusiyada, Rusiyanın Ermənistandakı  102-ci hərbi bazasının sərəncamındadır. Ermənistan hərbi qulluqçularının bu raketdən istifadə etməsi üçün onlar texniki biliklərə malik olmalıdır.  Ümumiyyətlə Ermənistan belə silahların sınaq atışını həyata keçirməyib.

Rusiyanın Şuşa istiqamətinə atdığı bu raketlərə gəldikdə isə Rusiya ona görə bu raketləri atdı ki, Azərbaycanı Şuşadan yayındırsın və Şuşa erməni qüvvələrinin nəzarətində olsun. Çünki Azərbaycanın Şuşada mövqelənməsi, birbaşa Qarabağa hakim olması deməkdir və seperatizmin gələcək perspektivdə yox olmasına əsaslanırdı.  Görünür ki, bu Rusiyanın siyasi maraqlarına zidddir və çalışırdılar ki, Şuşanı Azərbaycanın əlindən alsınlar. Ona görə də belə raketlər atılmışdı.

Azərbaycanın bunu nümayiş etdirməsinə səbəb Rusiyanın Azərbaycana qarşı təzyiqlərin olmasını göstərməkdir.  Xüsusilə seperatçıların Qarabağda rus dilini ikinci dil elan etməsi, Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndiyə gəlməsi, burada hərbi şəhərciklər tikməsi əlbəttə ki, Azərbaycana aiddir. Azərbaycanın belə raketlərin atılmasını və həmin raketlərin qalıqlarını nümayiş etdirməsi birbaşa Moskvaya mesajdır. Çünki Moskvada bu cür məlumatlar təkzib edilirdi. Azərbaycan bu məsələ vasitəsilə sübut etdi ki, Rusiyanın Ermənistana verdiyi raketlər Azərbaycana atılıb. Lakin Ermənistanda bu raketlərin istifadəsini bilən hərbçi yoxdur.

Hesab edirəm ki, Rusiya hərhalda bu raketləri atanda düşünüb ki, raketlər Ermənistandan atıldığı üçün məsələ Ermənistanın boynunda qalacaq. Amma müasir radar sistemi və Azərbaycanın güclü hərbi kəşfiyyatı, hava hücumundan müdafiə sistemlərinin güclü olması  göstərir ki, raket Ermənistandan atılsa da Rusiya tərəfindən həyata keçirilib.

Məqsəd isə Azərbaycanı qorxutmaq, atəşkəsə cəlb etmək, Şuşadan Azərbaycan qüvvələrini çıxarmaq olub və buna nail ola bilməyiblər”.

Arzu İlhamsoy

Correct.az