"Qiymət artımının ən böyük baiskarı Gömrük Komitəsidir” - İqtisadçıdan şok ittiham


“Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir. Bir çox iş adamlarıdan aldığım məlumata görə yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib və özündən yeni sxem icad edib”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib.


Ekspert Gömrük Komitəsinin süni qiymət artımının mexanizmini belə izah edib:

“Kimsə Almaniyadan mal alıb gətirir. Rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam.

Vətəndaş izah etməyə çalışır ki, mal bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam. Gömrük isə cavab verir ki, bunun mənə dəxli yoxdur. Uzaqbaşı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm. Vətəndaş məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir.

Bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı. İndi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 16 manat olur.

Vətəndaş məcbur olub malını topdan 18 manata satır, o zamanda malın pərakəndə qiyməti artıq 20 manata qalxır. Növbəti ay vətəndaş yenə sifarış edib mal gətirir. Çünki işi budur. Bu dəfə Gömrük Komitəsi qaiməyə baxmadan malın bazar qiymətinin artıq 18 deyil, 20 manat olduğunu deyir. Beləliklə, razılaşma əsasında 19 manatdan rəsmiləşdirir”.

Ekspert qeyd edib ki, beləcə Gömrük Komitəsi spiralvari qiymət artımına təkan verir:

“Sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə çıxıb deyir ki, biz daha çox pul yığmışıq. Sanki ayaqqabı istehsal edib pul qazanırlar. Halbuki yığdıqları hər manatın son ödəyicisi vətəndaşlardır”. (Bizim.Media)