“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz”


İqtisadçı ekspert Natiq Cəfərli azərbaycanlıların lobbiçilik və diaspora fəaliyyətini tənqid edib.

 

Correct.az xəbər verir ki, şəxsi səhifəsində bu barədə yazan ekspert bildirib ki, lobbiçilik fəaliyyətimiz yox dərəcəsindədir:

 

“Gələk Azərbaycana: Bizim lobbi fəaliyyətimiz yox dərəcəsindədir, bunun obyektiv tərəfi odur ki, lobbi olaraq çox yeniyik, son 30 ildə dünyaya səpələnməyə başlamışıq, Cümhuriyyətin süqutindan sonra formalaşan azsaylı və zəif diaspora ilə indiki diaspora arasında orqanik bağ yoxdur. Problem həm də odur ki, bizdə Azərbaycan Dövlətinin diaspora anlayışı kökündən yanlışdır – Azərbaycan dünyada bəlkə də, yeganə ölkədir ki, diaspora Ana Dövlətə deyil də, Azərbaycan hökuməti diasporaya maddi yardım edir, onu ancaq özünəuyğun mövqedə formalaşdırmağa çalışır. Yəni, diaspora vətənsevərlik üzərində deyil də, iqtidara loyallıq üzəridə inşa edilir. Daha bir köklü problem odur ki, yeni nəsil köç etmiş azərbaycanlılar bir-birlərindən ucaq gəzməyə çalışırlar, azacıq aktiv olanlar isə diasporanın içində qütbləşiblər, milli məsələlərə görə deyil də, iqtidara münasibətə görə formalaşlar. Təbii ki, bunun ən böyük günahı dövlətin doğru diaspora siyasətinin olmamağıdır, amma bizim soydaşlarımız da hələ köçdükləri ölkələrə inteqrasiya ola, onların “oyun qaydalarına” uyğunlaşa bilmirlər. Yaşadıqları ölkələrdə siyasətdən uzaqdırlar, siyasi proseslərə qarışmırlar, “lobbiçiliyin” qızıl qaydalarını bilmirlər. Daha bir məsələ odur ki, ermənilərin kilsəsinin oynadığı rolu, bizdə dini icmalar oynaya bilmirlər, çünki “ümmət” anlayışı “millət” anlayışını üstəliyir və bu sahədə də bölünmüşlük yaradır.

 

Bizim acıl yeni diaspora straregiyasına ehtiyacımız var, çünki dünyada məsələlər gəlizləşir, daha da qəlizləşəcək, bu zaman Ana Dövlətin doğru siyasəti diasporaların da doğru fəaliyyətinə səbəb ola bilər. Yoxsa elə illərdir olduğu kimi, “erməni diasporu güclüdür, Qərb ikiüzlüdür, hamı ermənipərəstdir, dünya xristian klubudur”, deyə-deyə özümüzə təsəlli verib səhv yolla getməyə davam edəcəyik”.

 

Həmçinin ekspert Diasporala İş üzrə Dövlət Komitəsinin də fəaliyyətini tənqid edib. Bu barədə Correct.az saytına açıqlama verən Natiq Cəfərli bildirib ki, Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin fəlsəfəsi yanlışdır və bu gün onların fəaliyyətini qənaətbəxş hesab etmək olmaz:

 

“Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilk gündən diaspora fəaliyyətinin alqoritmi və fəlsəfəsinə uyğun deyil. Komitənin yaradılmasında məqsəd o idi ki, komitə özü birbaşa imkanları çərçivəsində xarici dövlətlərin siyasətçiləri, deputatları ilə əlaqələr qursunlar. Bu isə kökündən yanlış idi. Diaspora komitəsinə bənzər komitələr bəzi ölkələrdə fərqli adlarla fəaliyyət göstərir. Amma onların fəaliyyət alqoritmi ilə Azərbaycandakı diaspora komitəsinin fəaliyyət alqoritmi eyni deyil. Azərbaycanda bu komitə məsələlərə idoloji baxmamalı idi. Onlar dünyada uğur qazanmış azərbaycanlıları tapmalı, onlarla əlaqələr qurmalı, onlara dəstək verməli, onların beynəlxalq platformalarda təmsilçiliyini genişləndirməli, beynəlxalq KİV-lərlə əlaqələrini yaratmalı, onlarla konfranslar keçirtməli olsa da əfsuslar olsun ki, bunlar edilməyib. Ona görə də bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini qənaətbəxş saymaq olmaz. Müəyyən irəliləyişlər var, bu istiqamətdə cəhdlər var amma bu istiqamətdə yanaşma dəyişməlidir.

 

Düşünürəm ki, diaspora fəaliyyəti ilə dövlət qurumundan başqa dövlətin dəstəklədiyi bir Qeyri Hökumət Təşkilatının fəaliyyət göstərməsi daha məntiqli olardı. Dünya ölkələrinə də çıxış imkanları genişləndirilə bilərdi. Biri var, QHT ilə lobbiçilik fəaliyyətinin göstərilməsi, hərçənd ki, dünyanın hər yerində bu belədir və effekt verir, biri də var dövlətin özünün müdaxiləsi. Bu müdaxilə də çox vaxt başqa ölkələrdə ciddi şübhələr yaradır”.

 Correct.az