44 günlük müharibədə dağılan ev bərpa edilmir - Şikayət - Video - Foto


44 günlük şanlı Vətən müharibəsinin nəticəsi ilə tarixi ədalətin bərqərar olunması ilə Azərbaycan əzəli torpaqlarına, məcburi-köçkünlər isə ana vətənlərinə qovuşdular. Lakin qalib ölkə üçün müharibə heç də fəsadsız ötüşmür. Mənfur düşmən döyüş meydanındakı zəifliyinin hirsini mülki vətəndaşlardan və onların yaşadığı evlərə, obyektlərə zərər vurmaqla çıxmağa çalışdı. Tərtərə, Bərdəyə, Gəncəyə həmçinin digər ərazilərə atılan iriçaplı mərmi və raketlər bunlara sübutdur. Hazırda Ali Baş Komandan Prezident İlham Əliyev müharibə zamanı zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün aidiyyatı qurumlara təlimat verib. Lakin bu təlimat doğru şəkildə icra olunmur. Dağılmış, yaşayış üçün tamamilə yararsız vəziyyətdə olan evlərin bərpası müvafiq qurumlar tərəfindən gecikdirilir. Birinci Qarabağ müharibəsi veteranı Nəsimi Bəhman oğlu Yusifov da həmin zərərçəkmiş şəxslərdən biridir. Oktyabr ayındakı döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu Səhləbad kəndinə atdığı raket nəticəsində evi tamamilə dağılıb və yararsız hala düşüb. Lakin üzərindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq ev hələ də bərpa olunmur. Şikayətçi Nəsimi Yusifov qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən zərərçəkmiş ailələrə ayrılan adam başına düşən kompensasiya onlara ödənilib. Lakin evlərinin bərpa prosesi isə Tərtər rayon prokurorluğu tərəfindən absurd səbəblə gecikdirilir. Evin bu halda olmasına günahkar olaraq zərərçəkmiş şəxs göstərilir. Ortaya isə maraqlı sual çıxır, əgər şəxs özü günahlandırılırsa, kompensasiya ona nəyə əsasən təyin edilib?. Birinci Qarabağ müharibəsi qazisi olan Nəsimi Yusifov qeyd edir ki, dağılmış bu evdə özü də daxil olmaqla 4 qazi yetişib. Zərərçəkmiş şəxsin qardaşları da vətən yolunda şərəfli döyüş yolu keçib. Hətta onlardan biri əlildir. Hazırda isə dağılmış o evdə gələcəyin 3 əsgər övladı böyüməkdədir. Onlar həsrətlə hər gün evlərinin tikiləcəyi günü gözləyirlər.

Correct.az saytı olaraq işıqlandırdığımız problemə ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən müsbət cavablar veriləcək. Qazimizin şikayəti həll yolunu tapacaq.

Bu məsələ ilə bağlı araşdırmamız davam edəcək.

Şikayətlə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.