“Restoranların fəaliyyəti ilə bağlı məsələyə yalnız cərimə prizmasından baxmaq düzgün deyil”


"Bir çox hallarda iş adamlarının özləri belə, hansı qaydalara riayət etməli olduqlarını bilmirlər. Hesab edirəm ki, kafe-restoranların pandemiya dövründə hansı qaydalarla işləməsinə dair televiziya kanallarında müxtəlif video-roliklər nümayiş etdirilməli, həmçinin mətbuat bu istiqamətdə bilgiləndirici addımlar atmalıdır".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kafe və restoranları cərimələməsi məsələsinə münasibət bildirərkən deyib.

N.Cəfərli bildirib ki, Azərbaycab Qida Təhlükəsizliyi Agentliyinin və ümumiyyətlə, dövlət strukturlarının biznes çevrələrinə münasibətdə formal yanaşmadan daha çox kompleks şəkildə yanaşmaları daha yararlı olardı: "Kafe və restoranların artıq uzun zamandır ki, bağlı olması bir çox sahibkarların müflisləşməsinə, işsizliklə bağlı bir sıra problemlərin yaranmasına səbəb olub. Ona görə də, restoranların fəaliyyəti ilə bağlı məsələyə yalnız cərimə prizmasından baxmaq düzgün deyil, əksinə təşviqedici və izahedici addımlarla yanaşmaq daha doğru olar. Bir çox hallarda iş adamlarının özləri belə hansı qaydalara riayət etməli olduqlarını bilmirlər. Dövlət qurumları belə məlumatlandırıcı roliklərin sifarişçisi olmalıdırlar ki, pandemiya dönəmində kafe-restoranların hansı qaydalar çərçivəsində fəaliyyət göstərməsini izah etsinlər".

Ekspertin sözlərinə görə, problemin həlli istiqamətində yalnız cəza mexanizmlərindən istifadə olunması doğru deyil: "Bununla problemi həll etmək mümkün olmayacaq. İlk növbədə, pandemiya dövrünü də nəzərə alaraq, birinci dəfə baş verən hansısa xırda qanun pozuntusuna görə cərimə tətbiq etmək olmaz. Əvvəlcə xəbərdarlıq edilməli və əgər xəbərdarlıqdan sonra da eyni qanun pozuntusuna rastlanarsa, cəza verilməlidir. Bu, inkişaf etmiş bir çox dünya ölkələrində istifadə edilən praktikadır. İndiki vəziyyətdə iş adamları, doğrudan da, ancaq cərimə yazıldığı vaxt hansı qaydaların pozulduğundan xəbər tuturlar. Bu, doğru yanaşma deyil". (Pravda.az)