Erməni diasporu rus generallarıyla sövdələşib - “Aldıqları rüşvətin müqabilində...“


“Rusiya artıq necənci dəfədir ki, Gürcüstan üzərindən gizli şəkildə Ermənistana hərbi məqsədli yüklər çatdırmaq istəyir”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu deyib.

“Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan hərbi təyinatlı mallar - zirehli döyüş jiletləri, gödəkçələr və dəbilqələr martın 5-də Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində aşkar edilib. Hərbi təyinatlı mallar yük maşınlarında Ermənistana çatdırılmalı idi. Həmin mallar bir aya yaxın müddətdə sərhəddə saxlanılıb. Gürcüstan sərhədçiləri sürücülərin sənədlərini və hərbi təyinatlı yüklərini müsadirə edərək onların yola davam etməsinə qadağa qoyub. Gürcü sərhədçilər yükün buraxılması üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu bildirib. Belə bir icazə isə yox idi və ola da bilməzdi. Hərbi yükləri daşıyan sürücülərdə həmin icazə olmadığı üçün onlar Rusiyaya geri qaytarılıb”-deyə politoloq əlavə edib.

Elxan Şahinoğlu Gürüstanın öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcəyinin Rusiya üçün də aydın məsələ olduğunu vurğulayıb:

“Axı Moskvaya da aydın olmamış deyil ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətini kəsən Gürüstan öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcək. Qarabağda müharibə günlərində də rəsmi Tbilisinin bəyanatı olmuşdu: “Gürcüstan öz ərazisindən müharibə tərəflərindən heç birinin hərbi yüklərinin daşınmasına imkan verməyəcək”. Bu qadağanı bilə-bilə nə məcburdur ki, hərbi yüklər gizli şəkildə Gürcüstan üzərindən Ermənistana çatdırılsın?”.

Ekspert diqqətə çatdırıb ki, Rusiya Müdafiə Nazirliyi həmin yükləri rahatlıqla təyyarələr vasitəsilə də Ermənistana çatdıra bilər:

“Rusiya Müdafiə Nazirliyi 44 günlük müharibə günlərində Ermənistana hərbi yükləri məhz hava sahəsi üzərindən daşıyırdı. Bunu hamı bilir. Ancaq o da mümkündür ki, Rusiyadakı erməni diasporunun imkanlı nümayəndələri aldıqları hərbi yükləri Gürcüstan üzərindən daha ucuzuna çatdırmaq istəyə bilərdi. Bu belədirsə, bununla da Moskva maraqlanmalıydı ki, hansı ermənilər Rusiya Müdafiə Nazirliyinin başı üzərindən Ermənistana hərbi yüklər daşımaq istəyib. Maraqlanmırlarsa, deməli, söhbət erməni diasporuyla rusiyalı generalların birgə sövdələşməsindən gedir. Birincilər ikincilərə pul verib və ikincilər aldıqları rüşvət müqabilində ucuz başa gəlsin deyə nəqliyyat yoluna üstünlük veriblər. Kreml “İsgəndər” raketlərində olduğu kimi hərbi təyinatlı malların Gürcüstan marşrutu ilə Ermənistana çatdırılması məsələsinə də aydınlıq gətirmək istəmir”.  (Yenisabah.az)