İran səfirliyindən Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən görüntülərlə bağlı açıqlama


Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb. Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır. Məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi ilə əlaqə saxladıq.

Seyid Əli Musəvi Musavat.com-a bildirdi ki, bu gün Ramazan ayının 21-ci günüdür və İmam Əlinin şəhadət günüdür, ona görə də səfirlikdə iş günü deyil. Lakin sözügedən məsələ ilə bağlı dünəndən səfirlik araşdırma, dəqiqləşdirmə aparır:

“Yayılan həmin video və video ilə əlaqədar deyilənləri araşdırmaq, dəqiqləşdirmə aparmaq üçün Tehranla əlaqə saxlamışıq. Bildirimişik ki, araşdırıb bizə dəqiq rəsmi cavab verilsin. İnşallah, sabah və ya birisi gün bizə cavab gələcək və biz də Azərbaycan ictimaiyyətinə bu məsələ ilə bağlı cavab verəcəyik. Tehrana Azərbaycanda bu video ilə bağlı narahatlıq yarandığını bilirik. Tehrana məlumat vermişəm, gözləyirəm bizə açıqlama versinlər. Biz də sizə - mediaya həmin açıqlamanı çatdıraq”.