Nazirlik rəsmisi çirkab sularına görə “Azərsu”nu tənqid etdi


“Ölkədə tullantı sularının idarə olunması, təmizlənməsi “Azərsu” ASC tərəfindən həyata keçirilir. ASC-nin 2012/2013-cü ildə təsdiq olunmuş master planı var. Orada Xəzər dənizinin, göllərinin çirkləndirilməsinin qarşısının alınmasına yönəlik layihələr nəzərdə tutulmuşdu. Bu gün bu layihələrin icraatında gecikmələr var”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, layihənin icrası 10 ilə yaxındır ki, tamamlanmır:

“Xəzər dənizinin və göllərin çirklənməsinin səbəbi master planında gecikmələrin olması, tələblərin yerinə yetirilməməsidir.

Bunların qarşısını almaq məqsədi ilə ETSN beynəlxalq ekspertləri dəvət etdi. Araşdırma zamanı məlum oldu ki, Bakı və Abşeron Yarımadasının su ilə təminatı böyük vəsait hesabına həyata keçirilir. İstifadə olunan təmiz sular çirkləndirilərək Xəzər dənizinə və göllərə axıdılır”.

“Çirkab suların təmizlənməsi üçün təmizləyici qurğuların quraşdırılması mütləqdir”, - deyə o əlavə edib.