Partiya sədri: "Paşinyanın oğlu xəstə uşaqdır, o, kimə lazımdır ki?!"


"Paşinyanın çıxışı seçkiqabağı səsləndirilən populist sözlər idi. Onun sözləri cəmiyyətin maraqlarına hesablanıb, özünə xal qazanmaq üçün idi. Paşinyan yaxşı bilir ki, nə Azərbaycan bu təklifə gedəcək, nə də özü oğlunu təhvil verəcək. Paşinyan bu cür açıqlamalarla Stalinin yolunu getmək istəyir, amma bu, alınan məsələ deyil".

Bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Paşinyanın Azərbaycanda olan terrorçuların müqabilində öz oğlunu təklif etməsi ilə bağlı danışarkən deyib.
O, Paşinyanın bu açıqlamaları sadəcə öz mənafeyi üçün səsləndirdiyini bildirib:

"Paşinyan bu cür açıqlamalarla özünü dünyaya demokrat biri kimi tanıtmaq istəyir. O, səfər etdiyi hər ölkədə, o cümlədən bütün dünyaya özünü əzabkeş, səmimi bir insan kimi göstərməyə çalışır. Bunun növbəti addımı kimi, açıq şəkildə oğlunu terrorçuların qarşılığında təhvil vermək istədiyini bildirib. Paşinyanın oğlu xəstə uşaqdır, o, kimə lazımdır ki?! Digər tərəfdən, bu, mümkün olası məsələ deyil. Hakimiyyətin yerində olsam, Paşinyanı sınamaq üçün bu təklifə gedərdim, "oğlunu ver, terrorçuları al" deyərdim. Onda artıq Paşinyanın "səmimi" açıqlamasının iç üzü müəyyənləşərdi".

Partiya sədri Paşinyanın belə təkliflərinə və vədlərinə inanmamaq lazım olduğunu vurğulayıb:

"Ermənistan tərəfinin səsləndirdiyi fikirlərdən asılı olmayaraq, biz ehtiyatı əldən verməməliyik. Bu gün Ermənistanda Azərbaycana qarşı çox böyük planlar qurulur. Planın tərkib hissəsindən biri də budur ki, Qarabağda terrorçu dəstələri yerləşdirib, seçkilərdən sonra hərəkətə keçsinlər. Ona görə də, Paşinyanın bu cür vədlərinə çox da fikir vermək lazım deyil. O, belə saf, şirin vədlər verirmiş kimi görünsə də, işğaldan azad olunmuş ərazilərimizə hələ də diversant dəstələr göndərilir. Bu məsələdə çox ayıq olmalı, heç bir vədə, sözə inanmamalıyıq". (Demokrat.az)