Universitet tələbələrə niyə güzəşt etmədi? - Açıqlama


“Memarlıq və İnşaat Universiteti (AzMİU) mühəndislər yetişdirən, texniki yönümlü ali təhsil müəssisəsidir. Burada daha çox dəqiq fənlər tədris olunduğuna görə, dərslərin ən azı 50 faizində iştirak etməyən tələbə fənni mənimsəməmiş sayılır”.

Bu barədə adıçəkilən universitetin mətbuat xidmətindən məlumat verilib.  Qeyd edilib ki, tələbələrə kütləvi güzəşt edilməsi həm də Bolonya sisteminin əsasnaməsinə ziddir:

“Sistemə görə, tələbə dərslərin 25 faizində iştirak etmirsə, həmin fənni mənimsəməmiş sayılır və imtahana buraxılmır. Həmin fənni yenidən alt dərslərə qatılaraq bərpa edir. Pandemiya dövründə isə həmin faiz 50-yə qalxıb”.

AzMİU-dan o da bildirib ki, əslində qış semestrində tələbələrə güzəşt edilməsinin səbəbi müharibə dövrü olub:

“Ötən tədris semestrində tələbələrə bu güzəştlərin tətbiq edilməsinin səbəbi müharibə şəraiti, tələbələrin internet məhdudiyyətləri, 1 aydan uzun müddətdə tədrisin dayanması idi. Bunu nəzərə alaraq tələbələrin davamiyyət məsələsini önə çıxarmadıq. Qaib limiti olmadan tələbələrin semestr imtahanlarında iştirakına şərait yaradıldı. Bu semestr ərzində isə heç bir internet problemi olmayıb, tələbələr onlayn dərslərə qoşulublar, ölkəmiz sülh və əmin-amanlıq şəraitindədir. Buna görə, tələbələr qaib limiti əvvəlki göstəriciyə - 50 faizə qaytarıldı. Hansısa fənnin dərslərinin 50 faizində iştirak etməyən tələbə o fənni mənimsəməmiş sayılır”.

Bununla yanaşı, universitet açıqlamasında onu da qeyd edib ki, onlayn dərslərdə iştirakın vacibliyi və güzəşt olunmayacağı haqqında tələbələrə şifahi bildiriş semestr başlayan kimi elan edilib:
“Aprel ayının 4-də isə hər bir tələbənin ayrı-ayrılıqda elektron kabinetində bu barədə xəbərdarlıq yerləşdirilib”.

Qeyd edək ki, 2020-2021-ci tədris ilinin yekunu ilə bağlı ali məktəblərin bəzilərində onlayn dərslərə qatılmayan tələbələrə güzəştlər edilib, qaib limiti ləğv olunub. Bütün tələbələr qaib limiti olmadan yekun imtahanlara buraxılıb. Memarlıq və İnşaat Universitetində isə bu məsələdə tələbələrə güzəşt edilməməsi onların narazılığına səbəb olub. (Modern.az)