“Aztelekom”-un əməkdaşından özbaşınalıq: “Nə qədər ki, mən burdayam...” – Şikayət


“Aztelekom” MMC-nin Şəki şəhərindəki nümayəndəliyi vətəndaşlardan internetə qoşulmaq üçün rüşvət-cibxərcliyi tələb edir.

Correct.az xəbər verir ki, bu barədə tanınmış həkim-nevroloq Qalib Əsədov öz şəxsi “Facebook” hesabında yazıb. O bildirib ki, “Aztelekom” MMC-nin əməkdaşları rüşvət istəməklə yanaşı vətəndaşa hədə-qorxu gəlməkdən də çəkinmir:

“Təqribən bir ay əvvəl Şəkidə internet xidməti haqqında yazmışdım. Yazmışdım ki, o boyda şəhər, üstəlik turistlərin gəldiyi qədim məkan bir “Aztelekom”un ümidinə qalıb, onların Şəkidəki nümayəndiliyi interneti qoşmaq üçün rüşvət istəyir. Düzdür onlar bunu cibxərcliyi adlandırır.  Özəl provayderlərə süni maneələr yaradılır. Yazmışdım ki, uzun müddətdir ki, ordakı evə interneti qoşdura bilmirəm.

Yazının səhəri günü özünü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı kimi təqdim edən Cavid müəllim mənə zəng etdi. Diqqətlə problemi öyrəndi və tez bir zamanda aradan qaldırmaq üçün əlindən gələn köməyi edəcəyini bildirdi. Yeri gəlmişkən bu müddət ərzində dəfələrlə mənə zəng edib, problemin həll olunub olunmaması ilə maraqlanıb. Sağ olsun.

... Ancaq problem həll olunmur ki, olunmur. “Aztelekom”un Şəkidəki nümayəndəsi, Vüqar adlı birisi bu gün qəti olaraq bildirdi ki, bu məsələni ictimailəşdirdiyiniz üçün, nə qədər mən burdayam sizə internet xətti qoşulmayacaq. Dedi, nə nazirlik, nə şikayət? Maraqlı burasıdır ki, ərizəni götürmür və Nazirliyə bildirir ki, bizə belə müraciət daxil olmayıb.  Poçtla göndəriləndə isə bildirir ki, ərizə forması düzgün doldurulmayıb.

Baxın bu tip səlahiyyət sahibləridir insanları narazı salan, adicə bir məsələni problemə çevirən. Belələrinin əməlləri düşünürəm dövlət əleyhinə birbaşa təxribatdır. Adam nə nazirliyi, nə rəhbərliyi sayır , nə tutduğu vəzifənin məsuliyyətini dərk edir... Qəsdən süni problemlər, əngəllər yaradır. Ümid edirəm ki, əlaqədar qurumlar nə vaxtsa ciddi tədbirlər görəcəklər”.

Qeyd edək ki, məsələ ilə bağlı "Aztelekom" MMC-yə informasiya sorğusu göndərilib. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Correct.az