Ermənistanın Azərbaycana qarşı mina şantajı - Partiya sədrindən reaksiya


Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanda saxlanılan 15 diversantın azad olunması qarşılığında Ağdamda 97 min tank və piyada əleyhinə minanın yerini göstərən mina xəritəsinin rəsmi Bakıya verildiyini açıqlamışdı. Sonrakı açıqlamalarında o, mina xəritələrin az bir hissəsinin verildiyini demişdi.

Ermənistanın siyasi rəhbərliyinin Qarabağdakı mina problemindən azərbaycanlıların doğma vətənlərinə qayıdışını ləngitmək və insanları təşviş altında saxlamaq üçün isitfadə etdiyi sirr deyil. Bəs Yerevan bütün mina xəritələrini verməyə necə vadar edilə bilər?

Correct.az xəbər verir ki, bu barədə danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Paşinyanın bütün mina xəritələrinin verməsinin vacibliyini bildirib:

“Paşinyan bilməlidir ki, o bütün mina xəritələrini verməyə məcburdur. Bütün dünya bunu ondan tələb edəcək. Azərbaycan Paşinyanı dünyanın  basqıları ilə sülhə məcbur edəcək. Çünki onun başqa yolu yoxdur. Ancaq sülh istiqamətində hərəkət etməlidir. Onun azərbaycanlıların qayıdışının qarşısını almaq üçün hansısa hiylələr etməsinə heç kim imkan verməyəcək. Qarabağ Azərbaycandır. Paşinyan bunu bilməlidir”.

Deputat ərazilərin minalanmasını mülki əhaliyə qarşı ənənəvi müharibə adlandırıb:

“Hər bir bölgədə məsələn, Ağdamda 100 minə yaxın mina var. Azərbaycanın işğal altında olan hər bir ərazisinə yüzlərlə mina basdırılıb. Bu onların mülki əhaliyə qarşı apardığı ənənəvi müharibədir. Ermənilər hədəf kimi hər zaman uşaqları, qadınları, mülki əhalini seçiblər. Bu onların vandallıqlarının bariz nümunəsidir. Onların mülki əhalini hədəf seçərək bölgələrdən azərbaycanlıları təmizləmək istəyirlər. Bu etnik təmizləmələrin bir üsuludur. Onların həyata keçirdiyi bütün siyasətin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlıların milli mənəvi dəyərlərini məhv etməkdir. Bir sıra ölkələrin diplomatları Ağdamda ermənilərin törətdiyi vandallığı gördülər. Bu gün Azərbaycanın kifayət qədər gücü var. Ermənistanın törətdiyi istənilən yeni bir təxribatının qarşısını dəmir yumruqla ala bilər”./Modern.az