AVRO-2020-nin penalti mənzərəsi: Doqquz cəhddən beşi uğursuz olub


AVRO-2020-nin ikinci turunun sonuncu matçında növbəti dəfə penalti təyin olunub.

Correct.az xəbər verir ki, İspaniya – Polşa görüşü zamanı birincilərin xeyrinə verilən qərardan sonra Cerard Moreno topun arxasına keçib.

Amma ispaniyalı hücumçunun zərbəsi hədəfdən yayınıb. Qapı dirəyi qola mane olub.

Maraqlıdır ki, bu, AVRO-2020-nin startından bəri müxtəlif oyunlarda qapılara təyin olunmuş 9-cu penalti zərbəsi olub.

Daha əvvəl yerinə yetirilmiş səkkiz zərbədən dördü qol olmuşdusa, digər dörd cəhddə zərbəni vuran oyunçu bu və ya digər səbəbdən məyus olmuşdu.

Pyer Hoybyerq (Danimarka), Qaret Beyl (Uels), Ruslan Malinovski (Ukrayna), Ezgiyan Alioski (Şimali Makedoniya) və Cerard Moreno (İspaniya) şansı əldən verən oyunçulardır.

Kristiano Ronaldo (Portuqaliya), Memfis Depay (Niderland), Patrik Şik (Çexiya) və Emil Forsberq (İsveç) isə “nöqtə”dən qol sevinci yaşayan futbolçulardır.