Bakı danışıqları: Əliyev Mişelə nələri izah etdi?


İrəvanda “status”dan bəhs edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel gözlənildiyi kimi Bakıda bu haqda heç nə demədi. Bunun birdən çox səbəbi var:

- Mişel Bakı və İrəvan arasında balanslı mövqe sərgiləyir: Paşinyanla görüşdə dediyi “status” sözü də mövqedən daha çox, siyasi jest idi;

- Bakıda Əliyev Mişelə münaqişənin başa çatdığı və “Dağlıq Qarabağ”ın artıq olmadığını izah edib: Prezidentin mətbuat konfransında post-münaqişə dövrü haqda dedikləri də bunu göstərir;

Aİ-nin bütün sənədlərində ərazi bütövlüyü prinsipi əsasdır və dəfələrlə Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin - Azərbyacan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan - ərazi bütövlüyünü dəstəkləyən sənədlər, bəyanatlar qəbul edib: istisna deyil ki, dekabr ayında keçiriləcək Aİ Şərq Tərəfdaşlığı sammitində də proqramda iştirak edən ölkələrin ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunacaq;

Nəticə olaraq, Aİ-nin “status” məsələsinə prinspial yanaşmadığı deyə bilərik. Mişelin Bakıda bu fikri gücləndirən çıxışında iki məsələni önə çıxması da gündəmin fərqli olduğunu göstərir: erməni diversantların qaytarılması və mina xəritələrinin verilməsi; sərhədlərin delimitasiyası;

Birincisi, Aİ humanitar məsələlərdə tərəflər arasında vasitəçiliyi davam etdirmək niyyətindədir;

İkincisi, Aİ sərhədlərin delimitasiyası prosesində “tövsiyə verən” tərəf kimi olsa belə, rol almaq istəyir;

Hər iki hədəf regionda Aİ-nin aktivliyini artırmağa hesablanıb. Bu, Rusiyanın vasitəçiliyinə alternativlərin olması perspektivini gücləndirir, lakin o demək deyil ki, Bakı Mişelin dediyi kimi,  sərhəd məsələsində Avropanı “arzu edəcək”, yaxud Paşinyanla Makronun birgə planı kimi görünən proses müsbət məcrada inkişaf edəcək. Sadəcə olaraq, Bakı bu mümkün perspektivi Moskvanın qarşısında kart olaraq istifadə edə bilər.

Prezident Əliyevin Mişelə - bütövlükdə Qərbə verdiyi mesajlar da önəmlidir:
1. Əliyev mətbuat konfransında “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarının adını çəkdi;

 

 

- Bu, Qərbə təkcə Qarabağ münaqişəsinin bitdiyini demək yox, 7 iyul tarixli fərmanına istinadən məsələnin rəsmi şəkildə bitdiyini çatdırmaq gedişidir;

- Bu ifadənin beynəlxalq media tərəfindən tirajlanması münaqişənin bitməsi mövqeyinin daha geniş spektirdə yayılması ilə yanaşı, Zəngəzurun qərb hissəsinin mövcudluğu faktının şüuraltına yeridilməsinə imkan yaradır;

- Azərbaycan prezidenti bu gedişlərlə Zəngəzur məsələsində istinad mənbələri formalaşdırır.

 

2. Əliyev Mişelə “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə etdi: bu, ermənilərin işğal etdiyi torpaqlarda törətdiklərinin Aİ Şurası prezidentinə faktlarla çatdırılması ilə yanaşı, Qarabağın azad edildiyini, münaqişənin bitdiyini incəliklə təqdim edilməsidir.

3. Əliyev Aİ Şurası prezidentinə də son mövqeyini çatdırdı: yekun sülh müqaviləsi.