"Könül artıq o pulları xərcləmişdi, Səfurə xanım da əziyyətlər içərisində yatağında yatırdı"


“Hamı bilir ki, mən Xalq artisti Səfurə İbrahimova ilə ana-bala kimi olmuşam, 1983-cü ildən bəri bir-birimizi tanıyırıq. Biz “Sən həmişə mənimləsən” televiziya tamaşasında ana-qız obrazlarını oynamışıq, hər zaman da yaxın olmuşuq. Bütün teatrda da, ailəm də bilir ki, o bütün sevgisini mənə salmışdı. Biz 1991-ci ilə qədər yəni Türkiyəyə gələn günə qədər demək olar ki, bir-birimizdən heç qopmadıq, teatrda da bərabər idik, teatra gəlməyəndə də şəhərdə görüşürdük. Mənim üçün o çox dəyərli insan idi. Türkiyəyə gələndə ona zəng edib dedim ki, Səfurə xanım mən artıq Türkiyədə qalıram, o dəqiqə ağlamağa başladı. Hətta mənə dedi ki, qızım, adam da anasını tək qoyub gedər? Türkiyədə qaldığıma heç sevinmədi. Nə mən, nə də atam onu heç bir zaman tək buraxmamışıq. Hətta atam da hər zaman onun qulluğunda dayanıb. Ailəm də bilirdi onun mənə olan sevgisini. Çox dəymədüşər idi, bir gün zəng etməyəndə xətrinə dəyirdi”

Bunu  açıqlamasında Əməkdar İncəsənət xadimi, tanınmış aktrisa Məlahət Abbasova deyib.

O daha sonra əlavə edib. “Səfurə İbrahimovanın yıxıldığı xəbərini eşidəndə çox pis oldum. Onunla əlaqə saxladım, danışdım, video görüntülərim də var. Səfurə xanım xəstə insan deyildi, sadəcə yıxılmışdı, onun qulluqa ehtiyacı var idi. Bir xəstəxanaya yatırılıb, qulluğunda dayanmaq lazım idi. Onun ayağında bir qırıq var idi, qırıq olan ayaq mütləq gibsə salınıb, həkim nəzarətində olmalı idi. Əvvəlcə dedilər ki, pulu yoxdur, dedim ki, mən pul göndərirəm. Ona qulluq edilməsi üçün tutulan qadının da pulunu göndərirdim. Daha sonra eşitdim ki, sağ olsun dəyərli millət vəkilimiz Qənirə Paşayeva notariusdan bir nəfəri göndərir, kartında yığdığı pullardan 1000 manat çıxardılır ki, Səfurə xanımı həkimə aparsınlar.


Çox təəsüf ki, qardaşı qızı Könül o pulu da özü üçün xərcləyir, onu həkimə aparmır. 3 gün sonra mən ona zəng edəndə Könül artıq o pulları xərcləmişdi, Səfurə xanım da əziyyətlər içərisində yatağında yatırdı. Bibisini 1 ay yaşada bilmədi, o necə baxırdı ki, o insanın ayağı qırıq idi, televiziyalarda çıxıb deyirdi ki, mən baxmışam! Arxası natəmizlikdən, baxımsızlıqdan irin-qan içərisində idi. Qohumları mənə deyirdi ki, onun cəsədini yumağa aparanda saçları kirdən başının dərisinə yapışmışdı! Budurmu baxmaq? Səfurə xanımı qırıq ayaqla məzara qoydun, budurmu ona baxmağın? Hətta onun cəsədini məsciddə yuyan qadın da deyib ki, “ay aman, bu cür gözəl qadın nə gündədir?”. Səfurə xanım xəstə insan deyildi, sadəcə yıxılmışdı! Könül əlbəttə ki, o evə gedib-gəlib, Səfurə xanımın başqa qohumları kimi. Nəticədə onun qardaşı qızıdır. Arada bir evinə gedib-gəlmək ona baxmaq demək deyil. Zərnigar Ağakişiyeva evində tək dünyasını dəyişəndən sonra Səfurə xanıma yalvarırdım ki, nə olar evinizə bir qohumunuzu buraxın, sizinlə qalsın. Çünki qorxurdum, ona bir şey olar, tək qalar. O da həmişə mənə deyirdi ki, qızım mən özümə yaxşı baxıram, hər şey yaxşıdır, mən narahat insanam, evdə heç kimi istəmirəm. Bunu təsdiq edən dostlarımız, sənətkarlarımız var ki, onlardan biri də Xalq artisti Tariyel Qasımovdur. Bütün sənət dostlarımız bilirdi ki, Səfurə xanım evinə heç kimi qoymurdu, heç kimlə görüşmürdü. Qohumları gəlib-gedirdi, bu o demək deyil ki, gəlib ona baxırdılar. Mən Könülə heç bir zaman inanmırdım və bunda da haqlı idim. Səfurə xanım evində yıxıldığı zaman o 4 ay idi ki, Könülü evindən qovmuşdu. Çünki mən Səfurə xanımla davamlı olaraq danışırdım, nə olub-bitibsə hamısını mənə danışırdı.


Mən ona yenə də deyəndə ki, bir qohumunuzu yanınıza buraxın, gəlib sizinlə yaşasın. Mənə dedi ki, qızım lazım deyil, hamısı bir səbəb üçün bura gəlir. Hətta keçən dəfə birini, yəni Könülü evdən qovduğunu mənə söylədi. Deyirdi ki, iki dəqiqədən bir gəlib məndən pul istəyir, deyir ki, oğlumu universitetə qoyuram, ay oğlumun əsgərlik pulu. Səfurə xanımdan 10 min manat pul istədiyinə görə onu evindən qovmuşdu. Bütün bunların hamısını mənə Səfurə xanım danışıb. Səfurə xanım yıxıldığı gün demək olar ki, o 4 ay idi ki, onun evinə gəlmirdi. Mən bunu dəqiqliklə bilirəm. Hətta Fövqəlada Hallar Nazirliyinin əməkdaşları qapını qırıb içəridə Səfurə xanımı yıxılmış vəziyyətdə görəndə Könülə zəng ediblər, Könül deyib ki, mən 4 aydır onun evinə gəlmirəm, küsmüşəm ondan. Sadəcə o gün bir dəfə Səfurə xanımı xəstəxanaya aparıblar, xəstəxanada da pandemiyaya görə yer olmadığından evə gətiriblər. Səfurə xanım evə gətirilir və ölənə qədər onu xəstəxanaya aparmırlar. Mən hər dəfə Könülə zəng edirdim, hər dəfə də mənə deyirdi ki, Məlahət xanım narahat olmayın, bibim yaxşıdır. Amma mən hər dəfə Səfurə xanıma zəng edəndə ayağında şiddətli ağrıların olduğunu söyləyirdi, hər dəfə də deyirdim ki, Könül niyə onu xəstəxanaya aparmırsan? Deyirdi ki, bu gün aparacağam, sabah aparacağam, bax belə-belə ölən gününə qədər onu xəstəxanaya aparmadı. Mən Səfurə xanıma niyə xəstəxanaya getmirsiz? sualını verəndə o mənə “Qızım mən onunla getmək istəmirəm, çünki o bir nəfər gətirib, həkim məndən 20 min pul istəyir. Sən gəl məni həkimə apar” dedi. 20 min manata rentgen olar? Mən bunu Könüldən soruşanda mənə dedi ki, siz səhv başa düşmüsüz. Səfurə xanım da kənardan müdaxilə edərək söylədi ki, mən qanmazam ki, 20 manatla 20 min manatı səhv salım? Könül interneti mənim üzümə bağladı və bir daha açmadı. Mən artıq bu hadisələrdən sonra çox şübhələnmişdim, Könüldən Səfurə xanımın bacısının, qardaşının nömrəsini istədim, onu da mənə vermədi. Könülə mesaj yazdım ki, mən yeni ildə gələcəyəm, xahiş edirəm Səfurə xanımı yaşat.

O da mənə “yaxşı” dedi. Səfurə xanımın ölüm xəbərini eşidəndə dünya başıma çevrildi. Könül mənə Səfurə xanım öldükdən sonra səs atırdı ki, bibim artıq nə yemək yeyir, nə su içir, qanaxması var, içi parça-parça olub, quruyub taxta kimi olub. Mənə yazdı ki, bibim qışqıra-qışqıra öldü. Bu səs yazısında mən bir anlıq Səfurə xanımın necə əziyyətlə öldüyünü sanki “eşitdim”, “gördüm”. Son bir həftə Sosial Xidmətlər Agentliyinin göndərdiyi dayələrin evə gəlməsinə icazə verməyib, heç bir həkimi evə buraxmayıb. Bu da mənim şübhələrimi artırdı. Hamıya da deyib ki, koronovirusa yoluxmuşuq. Belə bir vaxtda evə notariusdan əməkdaşlar gətirib. Bütün bunlar mənim üçün çox şübhəli oldu. Ölümündən 2 gün öncə dekabrın 18-də Səfurə xanım guya vəsiyyətnaməyə imza atıb, ayın 19-də isə AZDRAMA-nın truppa müdiri Elnur Məmmədov Səfurə xanımın yanına gedir və onu koma vəziyyətində görür. Orada Könülün üstünə qışqıraraq söyləyir ki, sən bu qadını niyə həkimə aparmırsan? O da deyir ki, pul yoxdur! Amma Könülün yayılan səs yazısında Səfurə xanımın koşelyokunda 3 minə yaxın pul olduğu söylənilir. Koma vəziyyətində olan insanı necə olur ki, xəstəxanaya aparmır, amma evə notariusdan adam gətirir? Məndə bütün bunlar şübhə doğurdu. Mən sonradan öyrəndim ki, dekabr ayının 18-də Səfurə xanıma vəsiyyətnamə imzaladıblar. Ayın 19-da ora gedən Elnur Məmmədov deyir ki, bu vəsiyyətnaməni Səfurə xanım imzalaya bilməzdi, çünki artıq koma vəziyyətində idi. 3 gündən sonra isə o dünyasını dəyişir. Səfurə xanım qardaşı, bacısı ilə küsülü ola bilərdi, amma onların bundan mütləq xəbəri olmalı idi. Söhbət Səfurə xanımın var-dövlətinin kimə qalmasından getmir, mənə şübhəli olan tək bir vəziyyət var.


Özü mənə yazır ki, bibim 1 həftədir koma vəziyyətindədir, bəs ölümünə 3 gün qalmış o imzanı ona necə çəkdirirlər? Səfurə xanım əli ilə sərbəst şəkildə qələm tutub yaza yaxud imza ata bilməzdi! Mən Səfurə xanımın həmin vəsiyyətnaməni imzaladığını düşünmürəm, bunun üçün video varmı? Videosu da yoxdur onun! Könül məni günahkar görür ki, sən niyə gəlmədin? Axı sən Könül, yas keçirtmədin! Mənə hər dəfə Bakıdan xəbər gəlirdi ki, evində şənlik edirsən, tort şəkili paylaşırsan! Sən yas saxlamırdın ki! Ölümünün səhərisi “Yeni evimdən görüntü” deyə video paylaşırdın! Ölümünə 3 gün qalmış əlinə qələm tuta bilməyib də, “vəsiyyətnaməyə imza atıb” dediyiniz o imza hansı şəxsindir? Bunun üçün həm qonşularının, həm də notariusun hesab verməsi lazımdır! Komada olan insan son anda necə yataqdan qalxıb dedi ki, hər şeyimi sənə bağışlayıram! Niyə görə 3 gün öncəyə qədər heç bir şeyini ona bağışlamadı, koma vəziyyətində bağışladı? Kim var idi yanında? Şahidlər olaraq tək qonşu var idi? Zatən notariusu o qonşu gətirmişdi evə! İmza həqiqətənmi Səfurə xanımındır? Məni şübhələndirən bu faktlardır! Mən aidiyyatı orqanlarımıza buradan səslənir və xahiş edirəm ki, bu məsələ araşdırılsın! Bəlkə də Səfurə xanımın imzası kopyalanıb! Çünki o bu vəsiyyətnaməyə imza atacaq gücündə deyildi! Bu gün 15 yaşında qızın 30 yaşlı kişiyə ərə verilib, daha sonra onu ata evinə qaytaran, bir pişiyin ayağının kəsildiyinə görə bunu edən şəxsə cəza verən hörmətli polis orqanlarımız var! Üzümü buradan onlara tuturam, xahiş edirəm bu fakt araşdırılsın! Həmin insanlardan video tələb edilsin! Nədən bu vəsiyyətnaməni ona imzalandanda birinci dərəcəli qohumları olan bacısının, qardaşının bundan xəbəri olmayıb? Niyə hər şey gizli olub? Mən bu faktların araşdırılmasını istəyirəm! Mən sənətkarımın ölümündən şübhələnirəm! Niyə o son ana qədər xəstəxanaya aparılmadı? Niyə korona var deyib də müvafiq orqanların əməkdaşlarını evə buraxmayıb, notarius əməkdaşlarını evinə buraxıblar? Başqa bir notarius əməkdaşı Səfurə xanım ağır vəziyyətdəykən evinə gəlib, onun ağır vəziyyətini görəndə imzalamayıb, deyib ki, mən bu vəziyyətdə ondan imza ala bilmərəm. Bunu Könül Elnur Məmmədova deyib. Mən Səfurə xanıma 3 gün öncə vəsiyyətnaməyə imza atmasını istəyən o notarius əməkdaşından soruşuram. Necə olur ki, sənin kimi bir əməkdaş qadını o vəziyyətdə görüb sənəd imzalatmır, başqa bir əməkdaşlar da həmçinin.

Bəs siz necə ondan imza almısız? Bütün bunlardır məndə sual yaradan və araşdırılmasını istədiyim məsələlər. Niyə qonşu ortalığa düşüb? Şahid kim idi onu imzalatdıqları zaman? O vəsiyyətnamə haradadır? O qədər suallar var ki! Ailəsi tərəfindən rədd edilmiş Səfurə xanımın var dövləti mənim dövlətimə, Yaşat fonduna qalsın! Niyə onun evində şəhid, qazi ailəsi yox, o qadın yaşamalıdır? Səfurə xanım sırf var-dövləti, pulları, evi üçün bu hala gətirildi! Bir daha Baş prokurorluğa, Daxili işlər Nazirliyinə, Baş Polis İdarəsinə, Ağır Cinayətlər Məhkəməsinə müraciət edirəm! Azərbaycan dövləti hüquqi dövlətdir, dərəbəylik deyil, dövlətimizin qanunlarına inanıram, güvənirəm, buradan müvafiq orqanlarımıza bir daha müraciət edirəm ki, Səfurə xanımın ölümü araşdırılsın. Lazımlı bütün səs yazıları vəkil Adəm Məmmədova verilib. Qanunumuzda var, yataq xəstəsinə kömək etməmək, onun ölümünə səbəb olmaq bir cinayətdir! Mən bunun, vəsiyyətnamənin, oraya atılan imzanın araşdırılmasını istəyirəm! Könülün 6 aydan sonra ortalığa çıxan səs yazısından sonra mənim danışmağa, özümdə güc toplamağa imkanım oldu! O səs yazısını dinlədikdən sonra şübhələrimdə nə qədər haqlı olduğumu gördüyüm üçün danışdım! O nə deməkdir ki, “İt öldü, bibim öldü”! Bəli, bu sözləri yayılan səs yazısında məhz Könül deyib! Mən Səfurə xanımın ruhunun qabağında vicdanımı təmizləyirəm! Səfurə xanım mənim anam kimi olub, bu hadisəyə kim susa bilərdi? Bəli, 6 ay susdum, 6 aydan sonra bu səs yazısı məni danışdırdı! Susdum ki, bəlkə ailəsi danışar, amma bir insanı ailəsi də rədd edibsə mən susmalı idim? Bu insan bəlkə də cinayətə qurban gedibsə necə susa bilərdim? Səfurə xanım heç vaxt Könülü sevməyib, əgər sevibsə niyə 4 ay öncə onu evindən qovmuşdu?? Bax bunun açıqlamasını etsin! Səfurə xanımın ruhundan üzr istəyirəm, yanına gələ bilmədim, susdum. Əgər bu səs ortaya çıxıbsa bu ilahi ədalətin işidir. Mən indi onun bundan sonra məzarında rahat yatacağını hiss edirəm” deyə Məlahət Abbasova bildirib. (Moderator.az)