"Kapital Bank" Qurban bayramında sakinləri belə incidir - Şikayət


"Kapital Bank Qobu Park yaşayış massivində məskunlaşan 10 min sakini küçələrə salıb, incidir". 

 

Correct.az xəbər verir ki, bu barədə Qaradağ rayonu, Lökbatan qəsəbəsi Qobu Park 2 Y\M sakini Rövşən Əsədov öz şikayətində bildirib. O, qeyd edib ki, artıq 3 gündür  ATM-in (bankomatın) işləməməsi minlərlə sakini çıxılmaz vəziyyətdə qoyub: 

"3 gündür ki, massivdə yerləşən və orta hesabla 10 min sakinə xidmət göstərən ATM texniki problem səbəbindən çalışmır. Bayram günləri olduğu üçün ictimai nəqliyyat da işləmir. Ən yaxın ATM isə təxminən 5-7 kilometr məsafədə yerləşir. Ona görə də yüzlərlə, minlərlə sakin çətin vəziyyətə düşüb. Pulunu nağdlaşdırmaq istəyən sakinlər məcburiyyət qarşısında qalıb taksi ilə gedib Lökbatanda yerləşən digər ATM-dən vəsait çıxardırlar. 

Bununla yanaşı 196 çağrı mərkəzi də olduqca keyfiyyətsizdir. Səsli menyu müştərilərə digər xidmətlərlə bağlı məlumat verib onları xəttə dəqiqələrlə gözlətsə də operatorla əlaqə yaratmaq üçün müvafiq düymə yoxdur. Ona görə də şikayətimizi, müraciətimizi bildirmək üçün gərək dəqiqələrlə səsli menyunu dinləyib aidiyyəti olmayan bölməyə müraciət edək. Bəzən isə düyməni yanlış basdıqda əlaqə kəsilir və balansdan bunun üçün vəsait çıxılır. 

Digər müəssisələrdə isə "0" düyməsini basdıqda zəng operatora yönlənir. Görünür ki, Kapital Bank mobil operatorlarla da müştərək iş qurub gəlir əldə edir. 

Operatorla əlaqə saxladıq, o iradımızın və şikayətimizin haqlı olduğunu bildirsə də problem hələ də aradan qaldırılmayıb və şikayətimizlə bağlı bizə geri dönüş edilməyib.

21-ci əsrdə belə bir dövlət bankının olmasından və belə qeyri-operativ xidmət göstərməsindən şikayətçiyik".

Qeyd edək ki, Kapital Bankın Bakının müxtəlif yerlərində quraşdırdığı ATM-ləri ilə bağlı da çoxsaylı şikayətlər var. Digər şikayətdə qeyd edilir ki, 9 mikrorayon ərazisində yerləşən "Favorit" marketin yaxınlığında yerləşən ATM və 3-cü mikrorayon dairəsində yerləşən ATM-də eyni aqibəti yaşayır və sakinlərə narahatlıq yaşadır. 

Məsələ ilə bağlı Kapital Bank şirkətinin mövqeyini dərc etməyə hazırıq. 

Correct.az