Peşəkar jurnalistika qarnını orda-burda otaranların “yaylağı” deyil, cənablar! - Video


Azərbaycan mətbuatının 146-cı ili qeyd ediləcək bu isti iyul ayında ard-arda Azərbaycan mediasında elə soyuq, utancverici hadisələr baş verdi ki, az qala adam jurnalist olduğuna görə xəcalət çəksin.

Mətbuatımızın banisi Həsən bəy Zərdabi hələ öz dövründə bütöv xalq üçün “Zina, rüşvət, qumar, bu üçü milləti yıxar”, desə də, bəlkə də güman etməzdi ki, nə vaxtsa bəzi “davamçıları” hardansa peyda olub, nəinki pulu başından aşan iş adamlarından, hətta canını Vətən yolunda qurban vermiş şəhidlərin ailələrindən də rüşvət alacaqlar.

Doğrudur, rüşvət sözü abreviatura olmasa da, ancaq mən onu abreviaturalaşdırıb açıqlamasını R-riyakarlıq, ü-ürəksizlik (burada, mənəviyyatsızlıq), ş-şərəfsizlik, v-vicdansızlıq, ə-ədalətsizlik və t-tərbiyəsizlik kimi qəbul edirəm.

Təəssüf ki, jurnalistikaya “sosial institut” deyib gələnlərin əksəriyyəti bu peşənin təməl prinsiplərinə əməl edənlərdən olmur. Onlar məqsədli şəkildə bu peşə vasitəsilə özlərini daha çox cəmiyyətdə ya tanıtmaq, məşhur etmək istəyirlər, ya da jurnalistikanın norma və prinsiplərinə heç bir məhəl qoymadan ona qazanc yeri kimi baxırlar. Görünür, Zərdabinin dediyi “Lovğa, təkəbbürlü adamı heç vaxt əxlaqlı adam hesab etmək olmaz”, kəlamı belələrinin heç eyninə də gəlmir.  

Əslində jurnalistika yaradıcı, obyektiv, qərəzsiz və vicdanlı insanların çalışa biləcəyi sahədir. Bura hansısa xəbər portalının baş redaktorunun həkimdən, hansısa media informasiya agentliyinin direktor müavininin mehmanxana əməkdaşından hədə-qorxu ilə pul tələb edəcəyi, həmçinin özlərini televiziya əməkdaşı kimi təqdim edərək, bölgələrdə yaşayan şəhid ailələrindən onların övladları barədə reportaj, film hazırlayıb efirdə yayımlayacaqlar adı ilə əxlaqsızlıqla pul alanların “yaylağı” deyil.

Ancaq nə yazıq ki, jurnalist adından istifadə edən belə dələduzları müvafiq qurumlardan qayda-qanunlar çərçivəsində qeydiyyatdan keçdiklərinə görə bəzən “peşəkar jurnalist” adlandıranlar da olur. Hərçənd, peşəkar jurnalist gözü kor, dili lal, qulağı kar, kimlərəsə yarınmaq və ya yaltaqlanmaq üçün ütülü sözlərlə yazdığı “yazılarını” cəmiyyətə sırıyanlara, bununla da min adda mükafat alanlara, qarnını orda-burda otaranlara, üstəlik otuz il boyunca Qarabağdan bir kiçik belə yazı yazmayıb, amma Ağdamda, Şuşada özünü gözə dürtənlərə deyilmir, cənablar! Peşəkar jurnalist yaşadığı ictimai-siyasi mühitdən asılı olmayaraq, yalnız doğru-dürüstü yazanlara, jurnalistikanın təməl prinsiplərini – obyektivliyi, qərəzsizliyi və vicdanlılığı özü üçün kodeksləşdirib şəxsi xarakterinə hopduranlara deyilir.

Əlbəttə, hər il olduğu kimi Milli Mətbuat günündə jurnalistikanın prinsiplərinə sadiq olub xalq üçün çalışan jurnalistlərdən fərqli olaraq, daha çox ad-san, mükafat davası edənlər məhz elə həmin “peşəkar jurnalistlər” olur. Çünki belələri  böyük Zərdabinin dediyi, “Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək”, sözündən xəbərsizdirlər.

Sonda, ağı-ağ, qaranı-qara görüb obyektiv, qərəzsiz, vicdanlı yazan, sözü köz edib yalançıları, yaltaqları, yalaqları, rüşvətxorları “dağlayan” əsl jurnalist həmkarları Milli Mətbuatımızın 146-cı il dönümü münasibətilə ürəkdən təbrik edirəm! 

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist