Cavanşir Quliyev 34 ildən sonra Şuşada: “Çox qürurluyam”


Bu gün bir qrup diaspor nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

Uzun illərdir Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də Şuşanı ziyarət edənlər arasındadır.

Bu barədə məlumat verən bəstəkar həddən artıq sevincli olduğunu dilə gətirib:

“Şuşaya öz yolumuzla, Zəfər yolu ilə gəldik. Mən Şuşada sonuncu dəfə 1987-ci ildə olmuşdum. Xankəndində bir tamaşaya musiqi yazırdım. Ondan sonra Şuşada olmamışdım. Çox qürurluyam. İnşallah, yol tam hazır olandan sonra daha rahat gələcəyik. Torpaq yolu olduğundan, inşaat işləri yekunlaşmadığından, bəzi yerlərdə avtomobillər normal sürətlə gedə bilmirdi. Bütün bunlara rəğmən biz Şuşadayıq. Heç birimiz də yorulmadıq. Çünki məqsədimiz vardı ki, gəlib Şuşaya çataq”.

C.Quliyev deyib ki, ziyarətçi sayı çox olduğundan Şuşada gecələməyəcəklər:

“Təxminən 100 nəfərə yaxın adam var. Onların hamısının qalması problem olar. Ona görə geri dönəcəyik”.

Bəstəkar, həmçinin bildirib ki, Qarabağla bağlı yazdığı əsəri Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına təqdim edib:

“Mən təhvil verdim. Nəticəsi barədə məlumat verilməyib. AzTV-yə də verdim, çünki o əsəri ifa edəcək olanlar həm nazirlikdə, həm də oradadır”.

C.Quliyev hələlik Şəkiyə getmək fürsətinin olmadığını əlavə edib.

Qeyd edək ki, uzun illərdir Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev iyulun 17-də Azərbaycana gəlib.

O, həmin gün Modern.az-a müsahibəsində Qarabağa getmək arzusunu dilə gətirmişdi.  (Modern.az)