Baş Prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı açıqlama


Baş Prokurorluq Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun oğlu Pərvin Fərəcovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Correct.az xəbər verir ki, qurumun Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.

Baş Prokurorluq mediaya müraciət edərək bildirib ki, məlumatların düzgünlüyünün Mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir.

Qeyd edək ki, bu gün mediada yayılan məlumatda Pərvin Fərəcovun Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru vəzifəsinə təyin olunduğu bildirilir.