Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk və müsəlman icmalarının üzvləri ilə görüşüb.

Correct.az xəbər verir ki, “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İstiqamətləndirmə Cəmiyyətinin (TASC) təşkilatçılığı ilə baş tutan görüş Nyu-Yorkun Manhetten adasında “Manhattan Center”də baş tutub. Görüşdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları da iştirak edib.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan COVID-19 pandemiyasının başlanğıcından indiyə kimi Amerikanın müsəlman toplumunun ehtiyacı olanlara kömək üçün apardıqları yardım kampaniyasından bəhs edib, TASC-ın müsəlman icmasının birliyi üçün fəaliyyətin məmnunluğunu ifadə edib.

Prezident Türkiyənin vaksinə ehtiyacı olan ölkələrə verdiyi dəstəkdən bəhs edib: “Türkiyənin hazırladığı vaksini yaxın gələcəkdə bütün dünyanın xidmətinə verəcəyik. Əlimizdəki imkanları insanlıq üçün istifadə edəcəyik".

Ərdoğan Türkiyəni pandemiyadan daha ölümcül olan başqa “virus”la - İslam düşmənçiliyi ilə mübarizə apardığını bildirib. Ölkə başçısı islamofobiyanın uzun illər ərzində dünyanın qabaqcıl ölkələrində geniş vüsət aldığını deyib:

"Bu “virus” sosial barışı yerlə-yeksan edən xəstəliyə çevrilib. Bir çox ölkələrdə müsəlmanların cəmiyyətlərdən kənarlaşdırılması, ayrı-seçkilik artıq adi hal alıb. Biz dinimizə və müsəlman qardaşlarımıza qarşı olan bütün mənfur əməllərin qarşısındayıq. Mübarizəmizi beynəlxalq platformalarda haqq səsimizi yüksəltməklə davam etdirəyəcik".

ABŞ-da 300 mindən çox türkün yaşadığını deyən ölkə başçısı türk icmasının Birləşmiş Ştatlardakı fəaliyyətinin ikili münasibətlərə birbaşa təsir etdiyini bildirib: "Sizin Türkiyənin Amerikadakı elçiləri olaraq xüsusi vəzifəniz var. Türkiyə ilə ABŞ iki dost və müttəfiqdir. Bəzən fikir ayrılığı yaşasaq da, birlikdə yol aldığımız bir çox sahələr var. İyirmi milyard dollarlıq ikili ticarət dövriyyəmiz mövcuddur və hədəfimiz bunu daha da genişləndirməkdir.

Türkiyəyə qarşı qaralama kampaniyalarının aparıldığını yaxşı bilirsiniz. FETÖ-nün və digər ünsürlərin ölkəmizə qarşı apardığı çirkin əməllərini bu ölkədəki dostlarınıza danışın ki, onlar doğrunu və yalanı ayırd edə bilsinlər. Heç bir yalan həqiqət günəşinin işığında bilməz. FETÖ-nün ölkəmizə qarşı çirkin əməllər içində olanlara birlik və bərabərliklə qalib gələ bilərik”.

Dövlət başçısı sabah açılışını reallaşdıracağı "Türk evi" binasından da bəhs edərək, bu abidənin sadəcə Türkiyənin deyil, bütün müsəlmanların evi olacağını deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, Baş Assambleyanın 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri beynəlxalq təşkilatın iclasının ilk günündə çıxış edəcək.  (Report)