Azərbaycanda pensiya yaşı niyə azaldılmır? – Minlərlə insan bu yaşa çatmadan vəfat edir


Azərbaycan MDB ölkələri üzrə pensiya yaşına görə "lider"dir. Məsələn, Türkmənistanda qadınlar üçün pensiya yaşı 57, kişilər üçün 62 olduğu halda, Azərbaycanda qadınlar 62,5, kişilər 65 yaşına çatdıqdan sonra pensiyaya çıxa bilərlər.

Qeyd edək ki, Azərbaycan əhalisinin cəmi 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir. Bu gün ölkəmizdə kişilər üçün pensiyaya çıxma yaşı ən yüksək həddir.

Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərə görə, bir il ərzində ölkəmizdə 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir.

Bu rəqəmlər də göstərir ki, hər il minlərlə insan şəxs pensiya yaşına çatmamış dünyadan köçür. Bəs görəsən, Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda pensiya yaşının artırılması yanlış addım idi. Onun sözlərinə görə, demoqrafik dalğaları zəif olan ölkələr pensiya yaşının artırılması yolu ilə əmək bazarında işçi problemini həll etməyə çalışırlar. Azərbaycanda isə belə bir problem yoxdur.

N.Cəfərli deyir ki, dünyadakı trendə uyğun olaraq ölkəmizdə pensiya yaşının artırılması barədə qərar verilməsi doğru yanaşma deyil: "Azərbaycanda bu konsepsiyaya yenidən baxmağa ehtiyac var. Azərbaycanda hər il xeyli sayda insan pensiya almamış vəfat edir. Bu amillər mütləq şəkildə nəzərə alınmalıdır".

İqtisadçı bildirir ki, hazırda həmin insanların pensiya kapitalının ailələrə verilməsi təmin olunmur: "Azərbaycanda təqaüd konsepsiyasına yenidən baxılmalıdır. Pensiya yaşının azaldılması təmin edilməlidir".

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirib ki, Azərbaycan keçmiş MDB ölkələri üzrə liderdir:

"Digər ölkələrə nəzər salsaq görərik ki, orada pensiyaya çıxma yaşı stabil qalır. Azərbaycanda isə pensiyaya çıxma yaşı hər il artırılır. Çox təəssüf ki, Azərbaycanda pensiya yaşı orta ömür həddinə uyğunlaşdırılmır. Dünyada isə pensiya yaşı əhalinin orta ömür həddinə əsasən müəyyən olunur. Azərbaycanda pensiya yaşı müəyyənləşərkən bu meyar əsas götürülmür".

Ekspert deyir ki, Azərbaycanda son iki ildə koronavirusun yaratdığı təhlükə insanların ömrünü qısaldır: "Koronavirusdan ölüm statistikasında yaşlı əhali üstünlük təşkil edir. Elə koronavirusa risk qrupunda da xəstəlikləri olan insanlarla yanaşı, yaşlı əhali ön yerdə qərarlaşıb. Belə olan halda hər il pensiya yaşını artırmaq ədalətsizlikdir".

Qeyd edək ki, Azərbaycanda 2021-ci il üzrə kişilərin pensiya yaşı 65, qadınlar üçün 62,5 yaş təşkil edir. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olacaq. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 aydır.

Xatırladaq ki, hazırda ölkədə orta aylıq pensiyanın həcmi 213 dollardır. Bu baxımdan Azərbaycan MDB ölkələri arasında Qazaxıstan və Rusiyadan sonra üçüncü yerdə dayanır. İndi Azərbaycanda orta ömür uzunluğu 71,4 yaşdır. Bu MDB ölkələri arasında müvafiq reytinq üzrə ən aşağı göstəricilərdən biridir. BMT-nin Əhali Fondunun proqnozlarına görə, yaxın illər ərzində Azərbaycanda pensiya yaşlı insanların sayı əhəmiyyətli dərəcədə artacaq və buna orta ömür uzunluğunun çoxalması səbəb olacaq.