İran Azərbaycanla bağlı cavabını öz içindən alacaq


İran və Azərbaycan arasında gərginliyin davam etdiyi indiki məqamda Cənubda yaşayan soydaşlarımız bu durumdan narahalıqlarını ifadə edirlər. Cənubi azərbaycanlılar İranın Azərbaycana qarşı xəyanətləri ilə barışmayaraq, etirazlara əl atacaqlarını bildirirlər. Artıq soydaşlarımız İranın tərkibində olan tarixi Azərbaycan torpaqlarının Güney Azərbaycan adlandırılması, rəsmən bu cür tanıdılmasını tələb edirlər.

Cənublu soydaşlarımızın bu istəkləri haqqında  danışan deputat Sabir Rüstəmxanlıhesab edir ki, hazırda İranın nəzarətində olan tarixi torpaqlarımız onsuz da Azərbaycandır:

“Qərbi Azrbaycan, Mərkəzi Azərbaycan, Şərqi Azərbaycan, Cənubi Azərbaycan var. Amma Azərbaycan torpaqları bununla da sərhədlənmir. Ərdəbil ostanı mövcuddur, bunun da adı Azərbaycan olmalıdır. Zəncan, Qəzvin ostanları, Həmədan və s. də Azərbaycan torpaqlarıdır. Kəngər körfəzinə qədər hər yerdə Azərbaycan-türk kəndləri, torpaqları var. Farslar bizim tariximizi bizdən ala bilməzlər. Hazırda ad həlledici deyil. Əsas məqam orada yaşayan azərbaycanlıların hüquqlarının təmin olunmasıdır. Onların heysiyyatı ilə oynamaq olmaz. Onları təhqir edən İran rejiminə, din xadimlərinə xalq hələ ki susur. Qarışıqlıq düşməsin, xarici qüvvələr bundan istifadə etməsin deyə dözürlər. Amma İran Azərbaycan dövlətinin varlığı üçün təhlükə yaratsa, biz tərəfdən deyil, elə öz içindən öz cavabını alacaq.

İranda son prezident seçkisindən sonra gözlənilmədən cinayətlər törətmiş, ölkədə xalqın qanını tökmüş bir şəxs hakimiyyətə gəldi. İranda indi daxili gərginlik yaşandığına görə, millətin diqqətini bundan yayındırmaq üçün Azərbaycan hədəf seçilib”.

Milli Məclisin komitə sədri Tahir Rzayev düşünür ki, Azərbaycanın düşmən üzərində tarixi qələbəsi, beynəlxalq aləmdə, o cümlədən regionda söz sahibinə çevrilməsi İranı ciddi narahat edir:

“İran qonşuluqda siyasi və hərbi gücə malik inkişafda olan güclü Azərbaycan görmək istəmir. Buna görə də Azərbaycana qarşı bütün dövrlərdə ciddi dostluq saxlaya bilməyib. İranda 35 milyona yaxın soydaşımızın yaşamasını bu dövlət özü üçün təhlükə hesab edir. Ona görə, azərbaycanlıları daim təsir və təzyiq altında saxlayıb. İranda yaşayan azərbaycanlıların haqları həmişə pozulub. Bu gün də İran hökumətinin təzyiqləri ilə kölə kimi yaşayan azərbaycanlılar təqib olunurlar.

Şimali və Cənubi Azərbaycanın birləşməsi qorxusu Tehranı həmişə səksəkədə qalmağa, əleyhimizə işləməyə vadar edir. Buna görə farslar düşmənlərimizi, erməni təcavüzkarlarını özlərinə dost və qardaş hesab edirlər. Tehran Azərbaycanın düşmən üzərində qələbəsinə sevinmir, əksinə bu, onu qorxuya salır. İran İkinci Qarabağ müharibəsində də Ermənistana dəstəyini davam etdirib. Təəssüf ki, bu yardımlar indi də davam edir və Tehran düşmənlərimizi qidalandırmaqla onları yenidən münaqişəyə həvəsləndirir. Bu bizim dil-din birliyimizə, tarixi ənənələrimizə, qarşılıqlı hörmət və s. kimi məqamlara ziddir. İranda yaşayan soydaşlarımızın gələcək taleyinə təhlükə, onların adına hörmətsizlikdir. Ərazilərimizdə uzun illər ermənilərin törətdikləri faciələri, qəbirstanlıqlarımızın, məscidlərimizin, abidələrimizin dağıdılmasını görməzliyə vurmaq islami dəyərləri alçaldanlarla dostluq etmək dinimizə, ənənələrimizə ən böyük ləkə və xəyanətdir. İran bunu dərk etmir”.

Tahir Rzayev düşünür ki, öz haqqını axtaran Güney azərbaycanlılar İran hökumətindən istəklərində tam haqlıdırlar:

“Onların yaşadığı ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Hər zaman dostluq və qonşuluq münasibətlərinə önəm verən dövlətimiz heç vaxt İranın daxili işlərinə qarışmır. Lakin orada yaşayan soydaşlarımızın etirazlarının dinlənməsi, istəklərinin həyata keçirilməsi vacib məqamdır.

Regionda sabitliyin yaranması, Ermənistan-Azərbaycan arasında münaqişənin həlli, Zəngəzur dəhlizinin reallaşması qonşu dövlətlərlə bərabər İran üçün də əhəmiyyətlidir. Buna qısqanclıqla yanaşmaq, yeni əməkdaşlıq platformasından kənarda qalmaq, haqdan, ədalətdən uzaq düşmək isə İranı gələcəkdə inkişafdan kənarda qoya bilər”.

Deputat Fazil Mustafanın fikrincə, Güney azərbaycanlıların etirazları İranın daxilində baş verən proseslərdir və tələbləri isə insan hüquqlarına tamamilə uyğun tələblərdir:

“Buna görə dövlət onların maraqlarını diqqətə almalıdır. İranda 30 milyondan artıq soydaşımız yaşayır. Onların nə dil, nə məktəb, nə yazı istifadə etmək hüququ var. İranda Azərbaycan türkcəsi şifahi dil olaraq mövcuddur. Halbuki, İslam modelli dövlətdə insanlar Allah qarşısında bərabər olmalıdırlar. Bu bərabərlik hiss olunmur. Çoxluğu təşkil edən xalqın dili istifadə olunmur və inkişaf etmir.

Ona görə ərazi və adlarla bağlı tələblər onların haqqıdır. Buna nail olmaq üçün soydaşlarımız sivil yolla İranın daxilində, qanunvericilik üsulu ilə məsələlərin həlli üçün mübarizə aparmalıdırlar. Bütün məsələlər Konstitusiya çərçivəsində öz həllini tapmalıdır.

Belə bir təşəbbüslə çıxış edən soydaşlarımızın, dünya azərbaycanlılarının tələbləri normal qəbul olunmalıdır. İnsanları dinləmək hökumətin borcudur və çox istəyərik ki, tarixi ədalət öz yerini tapsın”.