Deputat: “Hesab etmirəm ki, 28 may tarixinin yalnız Müstəqillik Günü adlandırılması cümhuriyyət ideyalarının əleyhinə olsun”


"Təklif edirəm ki, 28 may tarixi günü öz adında həm müstəqillik, həm də respublikanın yaranmasını ehtiva etsin. Ola bilər ki, 28 May Müstəqillik və Respublika Günü və ya Müstəqil Respublika Günü adlandırılsın".

Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli "Müstəqillik Günü haqqında" qanun layihəsi barədə danışarkən deyib.

Deputat bildirib ki, Xalq Cümhuriyyətİ həm də müstəqilliyi ehtiva edir: "Hesab etmirəm ki, 28 May tarixinin yalnız Müstəqillik Günü adlandırılması cümhuriyyət ideyalarının əleyhinə olsun. Lakin istənilən halda, nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qurulan ilk respublika idi. Oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü olduğu halda, sual yaranır ki, bəs müstəqillik günü nə vaxtdır?! Yəni, hər iki faktor nəzərə alınmalıdır. 28 May Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir, ona görə də adında həm müstəqillik, həm də respublika sözü qeyd olunmalıdır".

Qeyd: 28 May - Respublika Gününün adının dəyişdirilərək Müstəqillik Günü adlandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirələrə səbəb olub.   (Pravda.az)