“O zaman İranı parçalanmadan Amerika xilas etdi...”


“1946-ci ildə yenicə yaranmış BMT-nin ilk böhran iclası Azərbaycana həsr edildi...”

“Əslində ABŞ və İsrail İranın parçalanmasını istəmirlər. Bu yanaşma əvvəldən belə olub. Tarixə nəzər salsaq, məlum olar ki, 1946-ci ildə yenicə yaranmış BMT-nin ilk böhran iclası Azərbaycana həsr edilib. Həmin iclasda SSRİ-dən tələb olunub ki, qoşunlarını Güney Azərbaycandan, yəni rəsmi İran ərazisindən çıxarsın”.

Bu fikirləri AMİP lideri Etibar Məmmədov Moderator.az əməkdaşının “ABŞ, İsrail və s. hazırkı şəraitdə İranın parçalanmasını istəyirlərmi?” sualını cavablandırarkən söyləyib.

“O zaman İranda sovetlərin Azərbaycan diviziyası yerləşmişdi və Güney Azərbaycanın İrandan ayrılıb müstəqil olmağa çalışan hökumətini müdafiə edirdi. Bununla Moskva Güney Azərbaycanı İrandan ayırıb SSRİ-yə birləşdirməyə nail olmağa cəhd göstərirdi. Lakin Amerika bunun qarşısını aldı. Ağ Ev buna SSRİ-ni nüvə silahıyla hədələməklə nail oldu. O dövrdə hələ Sovet İttifaqı nüvə silahına malik deyildi. Beləliklə, Stalin məcbur olub ordusunu Güney Azərbaycandan çıxardı və nəticədə oradakı milli hökumət süqut etdi. Bununla da İran ərazi bütövlüyünü təmin etdi. Bir sözlə, o zaman İranın bölünməsinin, parçalanmasının qarşısını ABŞ aldı. ABŞ bu dövləti xilas etdi. Bundan sonrakı dövrdə də əslində Qərb həmişə İranın parçalanmasının əleyhinə olub. Bu gün də ABŞ və tərəfdarları, sadəcə, Tehranda rejimin dəyişməsi və İranı özünə müttəfiq dövlət kimi görmək arzusundadırlar. Və həmin istiqamətdə də işləyirlər”- deyə açıqlamasının davamında AMİP lideri vurğulayıb.