“İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”


Cəlil Xəlilov: “Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb və ona qarşı beynəlxalq kampaniyalarda yer almayıb”

“İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Azərbaycanın dost münasibəti fonunda İranın bu adddımı təəssüf hissi doğurur:

“Azərbaycan hər zaman bütün qonşulara, o cümlədən İran dövlətinə münasibətdə xoş davranış sərgiləyib, mehriban qonşuluq siyasəti yürüdüb. Tarixə nəzər salsaanız görərsiniz ki, Azərbaycan heç vaxt İrana qarşı qlobal güclərin həyata keçirdiyi təzyiq siyasətinə dəstək verməyib, anti-İran xarakterli beynəlxalq kampaniyalara qoşulmayıb. Azərbaycan ərazisində İran əleyhinə hər hansı bir fəaliyyət həyata keçirilməyib. Azərbaycan hər zaman İrana münasibətdə hörmət və həssaslıqla yanaşıb.Lakin təəssüflər olsun ki, İran tərəfi torpaqlarımız işğaldan azad ediləndən sonra sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlərə start verib ki, bu da başadüşülən deyil. İran hər zaman özünü dünya miqyasında İslam təəssübkeşi olan dövlət kimi təqdim edib. Lakin təəssüflər olsun ki, məscidləri dağıdan, viran qoyan Ermənistanın son 30 ildə həyata keçirdiyi vəhşiliklərə etiraz etməyib. Bununla bağlı İran tərəfindən rəsmi səviyyədə qəti bir mövqe ortaya qoyulmayıb. Yalnız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu bu torpaqları erməni faşizmindən azad edəndən sonra bütün bu barbarlığa son qoyuldu.

Hesab edirəm ki, İran tərəfi Azərbaycanın haqlı narahatlığını başa düşməli, qonşuluq münasibətinə xələl gətirən bu kimi addımlara yol verməməlidir”.