Azərbaycanın Gorus-Qafan yolunda başladığı tikinti erməniləri qorxudub


Azərbaycan tərəfi Zəngəzurda nəzarətə aldığı ərazidə fəal tikinti işi aparır.

Bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abrahamyan cümə günü keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın apardığı tikinti işlərinin həm hərbi, həm də mülki məqsədləri var.

Erməni deputat bunun narahatlıq doğurduğunu vurğulayıb.

Tiqran Abrahamyan bildirib ki, Azərbaycan tərəfinin mövqelərinin möhkəmlənməsi yeni hərbi hissələrin yerləşdirilməsi və infrastrukturun inkişafı ilə bağlıdır.

Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan 21 km-lik hissəsinə alternativ çəkilən Tatev-Ağvani yoluna toxunan Abrahamyan deyib ki, bu, bir çox məsələləri həll edəcək, ancaq Zəngəzurda ermənilərin təhlükəsizlik problemini aradan qaldırmayacaq.


Qeyd edək ki, İran Ermənistanın Zəngəzur bölgəsində Gorus-Qafan yoluna alternativ olacaq Tatev-Ağvani yolunun tikintisində iştirak edəcəyini bildirib.

Gorus-Qafan yolunun 21-lik hissəsi Azərbaycandan keçir və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bu əraziyə öz nəzarətini bərpa etməsi nəticəsində İran yük maşınları yoxlamaya və gömrük rüsumuna cəlb olunub. Bu isə iranlı sürücülər üçün əlavə maliyyə yükü yaratdığından cənub qonşumuzda narazılıqla qarşılanıb.  (Correct.az)