Elçin Quliyev: “Yaralılarla telefonda danışmışam”


“Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır”.

Correct.az-ın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

O, bu gün brifinq keçirərək baş vermiş helikopter qəzası ilə bağlı danışıb:

“Fürsətdən istifadə edərək həlak olmuş şəhidlərimizlə əlaqədar onların valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralananlarla əlaqədar qeyd etmək istərdim ki, hal-hazırda onların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır və həkimlərimiz tərəfindən onların sağlamlığının bərpa olunması üzrə zəruri tədbirlər görülməkdədir.

Onu da qeyd etmək istərdim ki, hadisə haqqında mənə məruzə edilərkən dərhal tərəfimdən göstəriş verilmiş, mənimlə bərabər Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri hadisə yerinə hərəkət etmişik. Hadisə yerini Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Hərbi Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə ilkin müayinə etmişik. Müayinə edildikdən sonra tərəfimizdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevə hadisə haqqında məruzə edilmişdir. Cənab Prezident tərəfindən hadisənin təfərrüatlarının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbçilərimizin müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir”.

Səbuhi Musayev