Tahir Kərimli ittiham qarşısında: “Qalib mənəm”


Bu gün 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Qocamanov fevralın 9-da keçirilmiş Parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Correct.az xəbər verir ki, Ayaz Qocamanov seçkilərə bitərəf namizəd qismində qatılıb. O, seçkiyə qatıldığı dairənin bir sıra məntəqələrində nəticələrin saxtalaşdırıldığını iddia edib: “Namizədliyimin qeydə alınması, təbliğat-təşviqat mərhələsində heç bir maneə ilə rastlaşmadım. Seçki Məcəlləsinin heç bir bəndinin tələblərini pozmadan kampaniyanı yüksək səviyyədə keçirdik. Amma çox təəssüflər olsun ki, səsvermə günü ilə bağlı bunu deyə bilməyəcəyəm.

Təəssüflə deyirəm ki, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verilib. Seçkini bütün məntəqələrdə 7 vəkilim və 63 müşahidəçim izlədi. Lakin seçki başlayan kimi müşahidəçilərim ciddi ciddi problemlərlə bağlı məlumatlar verdilər, bu barədə DSK sədri Azad Dursunəliyev mütəmadi məlumatlandırıldı. Müşahidəçilərim və vəkillərim rayon icra nümayəndələrinin, idarə müdirlərinin, seçki komissiyalarının sədrlərinin ciddi təzyiqləri ilə üzləşdi. Əsasən “karusel”, yəni eyni adamların şəhər məntəqələrinə avtomobillərlə daşınıb təkrar səsvermənin təşkili, səyyar qutularda kütləvi saxtakarlıq, məntəqə sədrləri və üzvlərinin topa bülletenləri qutulara atması, səslərin sayılması zamanı vəkillərim və müşahidəçilərimin yaxına buraxılmaması və s. hallar bütün məntəqələrdə baş verdi”.

Ayaz Qocamanov seçkilərin nəticələrinin Vəhdət Partiyasının sədri, bu partiyadan namizəd Tahir Kərimlinin lehinə dəyişdirildiyini bildirib. O, bu barədə aidiyyəti qurumları məlumatlandırdığını deyib: “Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev, MSK sədri Məzahir Pənahov və baş prokuror Zakir Qaralova müraciət etmişəm. İnanıram ki, yaxın günlərdə müraciətlərimə baxılacaq, günahkarlar cəzalandırılacaq.

Gənc namizəd olaraq 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində digər namizədlərdən, əsasən də Tahir Kərimlidən daha çox səs faizi ilə qalib mən olmuşam. Bunu əlimizdə olan faktlar da təsdiq edir. Mən bu seçkilərə Prezident İlham Əliyevin apardığı islahatlara dəstək vermək üçün qoşulmuşam”.


0.17549800872803